2023-cü il dekabrında Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi prosesində əsirlikdən azad edilən iki əsgərimizdən biri Aqşin Bəbirov idi.
Bizimyol.info xəbər verir ki, 8 ay əsirlikdə olmuş Aqşin Bəbirov bir müddət əvvəl cinayət məsuliyyətinə cəlb olunub. Səbəb isə yolda maşın sürərkən bir-birinə yol verməməyə görə yaranmış mübahisə olub.
2004-cü il təvəllüdlü Aqşin Bəbirov özündən yaşca xeyli böyük olan başqa bir avtomobil sürücüsünü dəmir beşbarmaqla vurub, burnunu sındırmaqda ittiham olunur.
Hadisə Sabunçu rayonu, Ramanı qəsəbəsi ərazisində baş verib. “Kia” markalı avtomobili idarə edən Aqşinin yanında hadisə vaxtı dostu olub. “Mercedes” markalı digər avtomobilin sürücüsü Xəyal Əzimov isə həyat yoldaşı və övladları ilə birlikdə gedirmiş. Məlumata görə, yolda zolaq dəyişərkən avtomobillərdən birinin digərinin qarşısına çıxmasına görə tərəflər arasında mübahisə yaranıb. Nəticədə belə bir hadisə baş verib. Lakin Aqşin Bəbirov zərərçəkmişi vurduğunu təsdiqləsə də, üzərində və ya maşınında dəmir parçası olmadığını deyib. Aqşin Bəbirov bildirib ki, əli ilə xəsarət yetirib. Zərərçəkmiş isə ona beşbarmaqla xəsarət yetirildiyini iddia edib. Bununla belə, Aqşindən şikayətçi olmadığını, onun həbs olunmasını istəmədiyini bildirib.
Aqşin Bəbirova istintaq zamanı Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (silah və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb. Məhkəmənin sonunda isə 221.3 maddəsilə olan ittihama xitam verilib. Digər ittihamla ona 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Bu müddətdə gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı evi tərk edə bilməz. Həmçinin üzərində daim elektron nəzarət vasitəsi (elektron qolbaq) ilə gəzməlidir. Bir il ərzində Bakını tərk edə, yaşayış yerini dəyişə bilməz.
Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Axundov 2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş, daha sonra onların əsir götürüldüyü məlum olmuşdu.
Həmin il dekabrın 7-də Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində qarşılıqlı etimad tədbiri kimi, hərbçilərin azad edilməsi barədə razılıq əldə olunmuşdu.
Dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilmişdi.
Aytən, Bizimyol.info






