İran hakimiyyəti nüvə proqramının gələcəyini Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NSYM) çərçivəsində planlaşdırır və nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququna əsaslanır.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali “Vedomosti” qəzetinə müsahibəsində bildirib.
“İran İslam Respublikası Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun olaraq nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna malikdir və İran hakimiyyəti gələcək planlarını məhz bu müqavilə çərçivəsində qurur”, – deyə o, İranın nüvə proqramında mümkün dəyişikliklər, o cümlədən yanacağın zənginləşdirilməsi və tədarükü sahəsində güzəştlər barədə suala cavabında vurğulayıb.
İran nüvə proqramını 1950-ci illərdə, şah Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə ABŞ-ın dəstəyi ilə inkişaf etdirməyə başlayıb. 1958-ci ildə ölkə Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) üzv olub, 1968-ci ildə NSYM-ni imzalayıb və 1970-ci ildə ratifikasiya edib. 1979-cu ildə şah rejiminin devrilməsi və İslam Respublikasının elan edilməsindən sonra nüvə proqramının həyata keçirilməsi dayandırılıb, lakin 1980-ci illərin sonlarında atom texnologiyalarının inkişafı yenidən bərpa edilib. 2003-cü ildən etibarən isə İslam Respublikasının əvvəlki ali lideri ayətullah Əli Xameneinin fətvasına əsasən nüvə silahının yaradılması qadağan edilib.
Qadir, Bizimyol.info






