ABŞ prezidenti Donald Trump bildirib ki, Hörmüz boğazı ilə bağlı atdığı addımlar həm Çinin, həm də ümumilikdə dünya ictimaiyyətinin maraqlarına xidmət edir.
Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti bu barədə "Truth Social" platformasında yazıb
“Çin mənim Hörmüz boğazını əbədi açıq saxladığıma görə çox xoşbəxtdir. Mən bunu onlar üçün də edirəm — eyni zamanda bütün dünya üçün. Mövcud vəziyyət bir daha təkrarlanmayacaq”, — deyə ABŞ lideri qeyd edib.
Onun sözlərinə görə, Çin hakimiyyəti İrana silah tədarük etməməyə razılıq verib. Tramp əlavə edib ki, bir neçə həftədən sonra Çinə səfəri zamanı Si Cinpinq onu “səmimi qarşılayacaq”. “Biz birlikdə ağıllı və çox yaxşı işləyirik. Bu, hərbi əməliyyatlardan daha yaxşı deyilmi?” — deyə o qeyd edib. ABŞ prezidentinin Pekinə səfəri mayın 14-15-nə planlaşdırılıb.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb. Aprelin 7-də Tramp İranla qarşılıqlı iki həftəlik atəşkəs elan edib. Aprelin 11-də isə tərəflər İslamabadda bir neçə raund danışıqlar aparıblar. İran nümayəndə heyətinə parlament sədri Mohammad Bagher Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edib.
Sonradan Tehran və Vaşinqtondan bildirilib ki, bir sıra ziddiyyətlər səbəbindən uzunmüddətli razılaşma əldə olunmayıb. Yeni danışıqlar raundunun keçirilib-keçirilməyəcəyi hələ məlum deyil. ABŞ həmçinin İrana qarşı dəniz blokadası tətbiq etmək niyyətini açıqlayıb.
Qadir, Bizimyol.info






