ABŞ və İran arasında keçirilən danışıqların “nəticəsiz” qalması əslində prosesin mahiyyəti ilə bağlı daha dərin suallar doğurur: bu, doğrudanmı uğursuzluq idi, yoxsa əvvəlcədən planlaşdırılmış bir mərhələ? Görünən odur ki, tərəflər masa arxasına yalnız sülh əldə etmək üçün deyil, həm də mövcud qarşıdurmanın nəticələrini qiymətləndirmək və növbəti addımları müəyyənləşdirmək üçün oturublar. Xüsusilə, 40 günlük gərginlik fonunda bu görüşlər daha çox taktiki fasilə, qüvvələrin yenidən düzülməsi kimi də şərh oluna bilər. Bu baxımdan, danışıqların nəticəsiz qalması bəlkə də elə tərəflərin istədiyi nəticə idi və proses hələ yekunlaşmayıb, sadəcə yeni mərhələyə keçid edir.
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının İranı dəniz blokadasına alması regionda gərginlik yaradan əsas amillərdən biridir və bu, eyni zamanda hərbi qarşıdurma riskini də artırır: “Düzdür, ABŞ–İran danışıqları İslamabad görüşündə nəticəsiz başa çatsa da, gələcəkdə görüşlərin keçirilməsi ilə bağlı müəyyən ümidlər qalır. Yəni bu, ümumilikdə əlaqələrin tam kəsilməsi demək deyil və ehtimal olunur ki, danışıqlar bir müddət sonra yenidən davam edəcək. Ancaq bütün bunlara baxmayaraq, ABŞ-nin bu cür addımlar atması, xüsusilə hərbi dəniz mühasirəsini davam etdirməsi bir növ təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Görünür ki, ABŞ bir tərəfdən masa arxasında danışıqlar aparır, digər tərəfdən isə həm quruda, həm də dənizdə təzyiq göstərərək İrana hərbi gücünü nümayiş etdirməyə çalışır. Əgər İran danışıqlarda ABŞ-nin şərtlərini qəbul etməsə, hərbi variantın da istisna olunmadığı ehtimal edilir”.
Zeynal Əmrəliyev qeyd edib ki, bu vəziyyət gərginliyi daha da artıran faktordur və əgər İran tərəfi bu mühasirəyə cavab verərsə, bu, yenidən müharibənin alovlanmasına gətirib çıxara bilər: “Nəzərə almaq lazımdır ki, regionda, xüsusilə İranın cənub istiqamətində əsas məsələlərdən biri enerji resurslarının daşınmasıdır. ABŞ-nin tətbiq etdiyi mühasirə bu prosesə ciddi təsir göstərə və qlobal enerji bazarında qeyri-müəyyənliyi artıra bilər”.
Politoloqun fikrincə, bu vəziyyət dünyada enerji qiymətlərində yeni dalğalanmalara səbəb ola bilər və neftin qiymətinin artması ehtimalı yüksəlir. Zeynal Əmrəliyev hesab edir ki, yaxın gələcəkdə ABŞ–İran toqquşmasının yenidən baş verməsi ehtimalı kifayət qədər yüksəkdir: “Bunu dünya fond birjalarında da müşahidə edirik. Müharibənin dayandırılması bazarlara gözlənilən təsiri göstərmədi, çünki eskalasiyanın yenidən artacağı ehtimalı qalır. ABŞ-nin mühasirə addımı da bunu deməyə əsas verir”.
İradə Cəlil, Bizimyol.info






