Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ və İran arasında razılaşma üçün hələ zəmin yoxdur - Ekspert
ABŞ və İran arasında razılaşma üçün hələ zəmin yoxdur - Ekspert

ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün hazırda zəruri əsaslar mövcud deyil, tərəflər isə atəşkəs müddətindən mümkün yeni hərbi qarşıdurmaya hazırlaşmaq üçün istifadə edirlər.

Bizimyol.info xəbər verir ki, bu fikri mətbuata açıqlamasında Şanxay Xarici Dillər Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin eksperti Xan Tsyanvey bildirib.

“Düşünürəm ki, ABŞ və İran arasında razılaşmanın əldə olunmaması gözlənilən idi. 40 ildən artıqdır ki, bu ölkələr arasında birbaşa əlaqələr yoxdur və qarşılıqlı düşmənçilik səviyyəsi çox yüksəkdir. Bundan əlavə, tərəflərdən heç biri döyüş meydanında həlledici qələbə qazanmayıb. Hər iki tərəfin irəli sürdüyü şərtləri qarşı tərəfin qəbul etməsi çətindir. Buna görə də hazırda konsensus üçün zəmin yoxdur”, – deyə ekspert qeyd edib.

Xan Tsyanveyin sözlərinə görə, mövcud atəşkəs müharibənin real sonu deyil, daha çox “oyunda fasilə” xarakteri daşıyır. “Hər iki tərəf bu müvəqqəti fürsətdən sürətli şəkildə hazırlıq görmək və qüvvələrini yerləşdirmək üçün istifadə edir ki, gələcəkdə mümkün münaqişənin yenidən alovlanmasına hazır olsun. Buna görə də yaxın perspektivdə müharibənin tezliklə başa çatacağına dair əlamətlər görünmür”, – deyə o əlavə edib.

Ekspertin fikrincə, ABŞ-ın Hörmüz boğazını blokadaya alması çox ciddi nəticələrə gətirib çıxara bilər. “Gələcəkdə ABŞ və İranın Hörmüz boğazında qarşıdurmasının daha da kəskinləşəcəyi ehtimal olunur. ABŞ-ın zənginləşdirilmiş uranın ələ keçirilməsi və İran ərazisində ayrı-ayrı hədəflərə zərbələrin davam etdirilməsi də mümkündür”, – deyə o bildirib.

Bundan əlavə, ekspert hesab edir ki, İsrailin də İrana qarşı zərbələri yenidən bərpa etməsi ehtimalı var.

Qeyd edək ki, aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıblar. İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ tərəfinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtondan bildirilib ki, tərəflər bir sıra ziddiyyətlər səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Növbəti danışıqların detalları isə hələlik açıqlanmayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »