Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq Şəhla Cəlilzadə: "Mövcud siyasi dönəmdə AİB-i, KTMT-ni tərk etmək üçün Paşinyanın imkan və iradəsi yetərli deyil"
Politoloq Şəhla Cəlilzadə: "Mövcud siyasi dönəmdə AİB-i, KTMT-ni tərk etmək üçün Paşinyanın imkan və iradəsi yetərli deyil"

Rusiya ilə yanaşı, Qərb də Ermənistanın daxili işlərinə fəal şəkildə müdaxilə edir. Digər ölkələrdə siyasi proseslərə insan haqları prizmasından yanaşan Qərbin Ermənistandakı gərginlik və proseslərə daha ehtiyatlı mövqe sərgiləməsi diqqət çəkir. Bu fərq göstərir ki, regionda təsir mübarizəsi həm Rusiya, həm də Qərb tərəfindən müxtəlif üsullarla davam edir.

Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, Ermənistan II Qarabağ müharibəsinədək Rusiya təhlükəsizlik strukturunun ayrılmaz parçası olaraq görülürdü. Lakin 2020, xüsusilə 2022-ci ildəki hadisələr fonunda Ermənistanın Avropa və ABŞ ilə yaxınlaşması gedərək dərinləşdi: “Bu fonda Aİ müşahidə missiyası, Aİ-Ermənistan Strateji Gündəliyi, ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişi, Aİ-yə inteqrasiyanın Ermənistan Parlamenti tərəfindən ölkənin siyasi gündəliyinə daxil edilməsi və s. ölkənin siyasi xəttindəki dönüşün əsas məqamları kimi qeyd oluna bilər. Düzdür ki, dünən Paşinyanla görüşdə Putinin də dediyi kimi Avrasiya İqtisadi Birliyinə üzv ikən Ermənistan Aİ-yə üzv ola bilməz. AİB-i və KTMT-ni tərk etmək üçün isə Paşinyanın hazırda imkan və iradəsi yetərli deyil. Qərb bunu bilir və görür, bununla yanaşı Paşinyanın siyasi davranışlarına praqmatik yanaşaraq onun hakimiyyətini qorumağa çalışır. Məsələn, daima siyasi məhbus mövzuları ilə ölkələrin üstünə gələn Aİ Ermənistanda bənzər prosesləri görməzdən gəlir”.

Şəhla Cəlilzadə Şəhla Cəlilzadə

Politoloqun fikrincə, revanşist qüvvələrin yönəldiyi, Rusiyanın dəstəklədiyi, iyun seçkilərində müxalif blokun əsas namizədi hesab olunan Samvel Karapetyanın həbsi barədə siyasi məhbus ritorikasına nəinki rast gəlmirik, əksinə daima ölkəmizə qarşı ittihamlar yağdıran Qərb institutları bu şəxsin Rusiyaya bağlı olduğunu iddia edərək diskreditasiya edir.

“OC Media bu günlərdə etdiyi paylaşımlarda Karapetyanın seçki saxtakarlığı, səslərin satın alınması mexanizmlərini “üzə çıxarıb”. Hələ seçkilərə 2 ay var. Bunlar Qərbin seçkilərə yumşaq müdaxilələri olaraq dəyərləndirilə bilər. Rusiya da öz növbəsində ənənəvi üsullarını istifadə edəcəyi şübhəsizdir. İstənilən halda bu seçkilərin nəticələri Ermənistanın hazırki, regional sülh və sabitliyə fokuslanan siyasi kursunun davam etməsi baxımından vacib nəticələri özündə əks etdirəcək”-deyə Şəhla Cəlilzadə qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »