Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Qərbin Ukraynaya verdiyi təhlükəsizlik zəmanətləri nüvə silahının ötürülməsini də əhatə etməlidir.
Bizimyol.info xəbər verir ki, bu barədə Zelenski "Le Monde"yə müsahibəsində deyib.
“Hamı deyir ki, Ukrayna bu müharibədə qalib gəlməyəcək, çünki Rusiya nüvə dövlətidir. Belədirsə, mənə deyin, Ukraynanın hansı təhlükəsizlik zəmanətləri olmalıdır? NATO? Nüvə silahı? O zaman bizə açıq deməlidirlər: "Biz sizə NATO və nüvə silahı verəcəyik". Amma indiyə qədər heç kim bu məsələni qaldırmayıb”, - deyə qeyd edib.
Prezidentin sözlərinə görə, bütün Avropa, yalnız Ukrayna yox, səfərbər olmalıdır, çünki Yaxın Şərqdə gedən müharibə diqqəti yayındırır.
“Biz istəmirik ki, ərazilərimiz yenidən işğal edilsin. Donbas bizim müdafiə xətləri və illər ərzində inşa edilmiş möhkəmliklərimizdir. Bu bölgələri tərk etsək, sürətli işğalın yolu açılar. ABŞ deyir: "Donbasdan çıxın, biz sizə təhlükəsizlik zəmanətləri verəcəyik". Amma bizim möhkəmliklərimiz təhlükəsizlik zəmanətidir. Biz ordumuzun yaratdığı real zəmanətləri digər vədlərlə dəyişə bilmərik”, – deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, artıq Ukraynanın qələbəsini necə görməsi barədə açıq danışmaq istəmir: “Amma biz müstəqilliyimizi, seçim azadlığımızı və dövlətimizi qorumaq məcburiyyətindəyik. Bütün bunlar ədalətli sülhün təməlini təşkil edəcək”, - deyə o bildirib.
Tammiqyaslı Rusiya işğalının ildönümündə Kremlin diqqəti Böyük Britaniya və Fransanın Kiyevə nüvə silahı ötürməyi planlaşdırdığı iddiaları üzərində cəmlənib.
Müharibə Araşdırmaları İnstitutunun analitikləri qeyd ediblər ki, Rusiya kəşfiyyatının açıqlamaları rəsmilərlə koordinasiyalı olub və Ukraynaya hücumun ildönümündə diqqəti yayındırmaq məqsədini daşıyıb.
Qadir, Bizimyol.info






