Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda dövlət qulluqçularının maaşları artırıldı - Fərman
Azərbaycanda dövlət qulluqçularının maaşları artırıldı - Fərman

Dövlət qulluğunda maaşlarla bağlı yeni dəyişikliklər

Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla Azərbaycanın dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilib.

Həmçinin dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri, dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri, eyni zamanda dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği təsdiq edilib.

Bu Fərmanın 3-cü və 4-cü hissələri ilə müəyyən edilmiş birinci – üçüncü ödəniş səviyyələri üzrə inzibati vəzifələrin və dördüncü – on birinci ödəniş səviyyələri üzrə Azərbaycan Prezident Administrasiyasında inzibati vəzifələr üzrə baza aylıq vəzifə maaşları (birinci ödəniş pilləsi) qulluq şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla, 10 % yüksək məbləğdə müəyyən edilib.

Müəyyən edilib ki, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələrində göstərilməyən və Azərbaycan Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda nəzərdə tutulmayan, dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında dövlət qulluğu vəzifələri üzrə əməyin ödəniş səviyyələri, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, həmin vəzifələrin aid olduğu dövlət orqanlarının rəhbərləri tərəfindən analoji ödəniş səviyyələrinə uyğunlaşdırılır.

Maliyyə Nazirliyi Fərmanda nəzərdə tutulan əməkhaqlarının ödənilməsini 2026-cı il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait, eləcə də dövlət orqanlarının saxlanılması xərclərində büdcə xərclərinin iqtisadi təsnifatının "Əməkhaqqı" köməkçi bölməsi dairəsində xərc paraqrafları arasında dəyişikliklər etməklə həyata keçirəcək.

Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Azərbaycanın bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları müəyyən edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla bəzi dövlət orqanlarının rəhbərlərinin və onların müavinlərinin (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib:

- Baş nazir 17 160 manat

- Baş nazirin birinci müavini 15 950 manat

- Baş nazirin müavini 14 850 manat

- Nazir 13 750 manat

- Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbəri 13 200 manat

- Nazirin birinci müavini 12 650 manat

- Nazirin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin birinci müavini 12 100 manat

- Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin müavini 11 550 manat

Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları beşinci ödəniş pilləsi üzrə aşağıdakı məbləğlərdə müəyyən edilib:

- Bakı şəhəri 13 200 manat

- Gəncə və Sumqayıt şəhərləri 9 900 manat

- Digər şəhər, rayon və şəhər rayonu üzrə 8 800 manat

Müəyyən edilib ki, "Dövlət qulluğu haqqında" qanununun 33-4.3-cü maddəsi nəzərə alınmaqla, bu Fərmanın 1-ci və 2-ci hissələrində göstərilən vəzifələr üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsalına bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilir və tam ədədə (sonuncu rəqəmi "0" və ya "5" olmaqla) yuvarlaqlaşdırılıb.

Bu Fərman qüvvəyə minənədək bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş şəxslərə ödənilən vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər bu Fərmanla müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.

Bu Fərmana uyğun olaraq müəyyən edilən vəzifə maaşları əsasında əməkhaqqı fondunun formalaşdırılması məqsədilə dövlət orqanlarının saxlanılması xərclərinin tərkibində hər il dövlət büdcəsində vəzifə maaşlarının birinci ödəniş pilləsi üzrə hesablanan illik əməkhaqqı fondu və onun 10 faizi miqdarında əlavə vəsait nəzərdə tutulub.

Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Mərkəzi Seçki Komissiyası sədrinin aylıq vəzifə maaşı 3 060 manatdan 12 000 manata artırılıb.

Prezident İlham Əliyev bununla bağlı Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamında dəyişiklik edib.

Bundan başqa, "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında edilən dəyişikliklə Baş prokurorun aylıq vəzifə maaşı 3 260 manatdan 13 750 manata qaldırılıb.

Həmçinin Baş prokurorun birinci müavininin aylıq vəzifə maaşı 12 650 manat, Baş prokurorun müavininin aylıq vəzifə maaşı 12 100 manat müəyyən edilib.

Eyni zamanda Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı 3 550 manatdan 17 000 manata yüksəldilib. Milli Məclis sədrinin birinci müavini 16 000 manat, Milli Məclis sədrinin müavini 15 000 manat, Milli Məclisin komitə və komissiya sədri 13 000 manat, Milli Məclisin komissiya və komitə sədrinin müavini 11 500 manat, Milli Məclisin deputatı 9 000 manat məbləğində aylıq vəzifə maaşı alacaq.

Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Son xəbərlər
Bütün xəbərlər »