Bankdan kredit götürülməsində qohumuna, dostuna, iş yoldaşına zamin dayanan şəxslər sonradan ciddi problemlərlə üzləşirlər. Krediti götürən şəxs onu ödəmirsə, bank həmin vəsaiti zamindən tələb edir. Hətta ödənişlər məcburi şəkildə zaminin maaşından da tutula bilər.
Bizimyol.info xəbər verir ki, Qəbələdə bankda kredit üçün zaminlik məsələsi iş yoldaşlarını bir-birinə düşmənə çevirib və sonda onlardan birinin həbsi ilə nəticələnib. Onlar rayonlardan birindəki N saylı hərbi hissədə iş yoldaşı olublar.
Yoldaşlardan biri bankdan 8000 manat kredit götürəndə digəri ona zamin dayanıb. İş elə gətirib ki, bir müddət sonra borclu olan şəxsin barəsində cinayət işi başlanıb. O, dələduzluq və rüşvət verməyə təhrik ittihamları ilə həbs edilib. O, 4 il 6 ay azadlıqdan məhrum edilib.
Həbsdə olduğu müddətdə kredit ödənilmədiyinə görə bank tərəfindən məhkəməyə müraciət olunub. Məhkəmə 4555 manat ödənişin tutularaq, banka ödənilməsinə qərar verib. Bu vəsait də zaminin maaşından tutulub. Lakin o biləndə ki, keçmiş iş yoldaşı həbsdən çıxıb, onun əvəzinə banka ödədiyi pulu tələb etməyə başlayıb. Ala bilməyəndə isə məhkəməyə müraciət edib. Qəbələ Rayon Məhkəməsi qətnamə çıxarıb ki, zamin dayanmış şəxsin keçmiş iş yoldaşının əvəzinə banka ödədiyi pul ona ödənilməlidir.
Bu qətnamənin qəbulundan uzun müddət keçsə də, borclu qərarı icra etməyib – vaxtilə kredit götürəndə ona zamin dayanmış, daha sonra həbsdə olduğu dövrdə əvəzinə krediti ödəmiş keçmiş iş yoldaşının pulunu ödəməyib. Bu səbəbdən onun haqqında məhkəmə qərarını icra etməməyə görə inzibati iş açılıb. Bir dəfə 10 sutka, ikinci dəfə isə 20 sutka inzibati qaydada həbs olunub. Lakin yenə də keçmiş iş yoldaşına 4555 manatın ödənişi ilə bağlı məhkəmə qərarını icra etməyib.
Növbəti dəfə isə onun barəsində cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 306.1 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə ittiham irəli sürülüb. O, özünü qismən təqsirli bilir. Məhkəmədə bildirib ki, qətnamə üzrə ödəməli olduğu 4555 manat puldan müəyyən məbləğ onun arvadının əmək haqqından tutulub. Barəsində həbslə bağlı olmayan cəza təyin olunarsa, işləyib həmin pulu hissə-hissə ödəyə bilər.
Zərərçəkmiş qismində tanınan keçmiş iş yoldaşı isə bildirib ki, ona olan borcdan cəmi 438 manat pul köçürülüb. O, ödədiyi 455 manatı hissə-hissə qəbul etmək istəmir. Pulun birdəfəlik ödənilməsini tələb edir: “Dəfələrlə deyib ki, pulu tam şəkildə ödəyəcək, amma ödəməyib”.
O, şikayətçi olduğunu bildirib və keçmiş iş yoldaşına ağır cəza verilməsini istəyib.
Qəbələ Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 306.1 maddəsilə 1 il həbs cəzası təyin edilib.
Aytən, Bizimyol.info






