Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İlaxır çərşənbəsi"... Torpağa hörmət göstərmək və onu qorumaq insanlıq vəzifəsidir
"İlaxır çərşənbəsi"... Torpağa hörmət göstərmək və onu qorumaq insanlıq vəzifəsidir

Bu gün Novruz şənlikləri ilə əlaqəli mərasimlərdə qədim türk inanclarının və türk mədəniyyətinin zənginliyinin izlərini tapmaq mümkündür. Xüsusilə, şamanizmdə müqəddəs hesab edilən dəyərlər Novruzla bağlı adət-ənənələrdə, inanclarda və təcrübələrdə özünü göstərir. Qədim türk inanc sistemində görülən və müqəddəs sayılan su, od, torpaq və günəş kimi elementlər mərasim və şənliklərin təməl elementləridir. Azərbaycanda Novruzdan dörd həftə əvvəl başlayan və hər həftənin çərşənbə axşamı ilə çərşənbəsini birləşdirən gecələrdə tonqal yandırmaqla qeyd olunan Su, Od, Hava və Torpaq çərşənbələri Novruz ənənələri baxımından olduqca vacibdir.

İnanclara görə, fevralın ikinci yarısından etibarən hər həftə yaradılışın dörd elementindən biri canlanır. Bu dörd elementin canlanması ilə qış bitir, təbiət oyanır və yaz gəlir. Eyni zamanda, bu çərşənbələr insanın bu dörd elementdən təcəssümü ilə bağlı dini-mifoloji baxışları simvolizə edir və yaradılış prosesinin dinamizmini mifoloji mənada təmsil edir.

Bu gün Torpaq çərşənbəsi gecəsidir. Mifologiyada torpağın ilahi keyfiyyətlərə malik olduğuna inanılır. Torpağın müqəddəsliyinə inam ən ibtidai və qədim inanclardan çox inkişaf etmiş dinlərə qədər davam edən bir anlayışdır. Demək olar ki, bütün inanclarda su, səma və torpaq üç əsas universal element hesab olunur və "Ana torpaq" ilk ilahi anlayışdır. Torpaq çərşənbəsi Novruz bayramına qədər olan çərşənbələrdən sonuncusudur. El arasında bu çərşənbəyə İlaxır Çərşənbə də deyilir.

Torpaq çərşənbəsi torpağın yenidən canlanması və insanların həyatında bərəkət, məhsuldarlıq diləkləri ilə bağlıdır. Qədim dövrdə insanlar inanırdılar ki, torpaq həm maddi, həm də mənəvi dəyərə malikdir, ona hörmət göstərmək və onu qorumaq hər bir cəmiyyətin vəzifəsidir.

Torpaq çərşənbəsi, Novruz bayramı ərəfəsində qeyd olunan dörd çərşənbədən sonuncusudur və soyuq qış günlərinin bitməsinə, yazın başlanğıcına işarə edir. Tarixi kökləri Şərq xalqlarının qədim təbiət və kənd təsərrüfatı inanclarına söykənir.

Qədim zamanlarda insanlar əkin-biçin dövrlərini torpağın hazırlığına uyğun planlaşdırır, torpağın məhsuldar olmasını təmin etmək üçün xüsusi mərasimlər keçirirdilər. Torpaq çərşənbəsində evlər təmizlənir və çərşənbə süfrəsi açılırdı. Çərşənbə səhərində insanlar torpağı su ilə yuyur, torpağa dualar oxuyur, məhsuldarlıq və bolluq üçün dua edirdilər. Tonqal qalayır, toxum səpir, küləklərə dualar edir və etdikləri ayinlərin yeni il üçün torpağın bərəkətini artırdığını düşünürdülər.

İlaxır çərşənbədə insanlar inanırdılar ki, bu günü necə keçirsələr, bütün il elə keçəcək. Odur ki, gənclər papaq atır, gənc qızlar qulaq falına çıxır və müxtəlif fallar həyata keçirirdilər. Torpaq çərşənbəsi həm də xatırladır ki, insan öz köklərinə, torpağa və tarixə hörmət etməli, onu qoruyub gələcək nəsillərə çatdırmalıdır. Tarixə nəzər salanda görürük ki, Novruz ənənələri çox qədimdir. İlaxır çərşənbədə ailə üzvləri tonqal qalayır, üzərindən atılaraq “ağırlığım, uğurluğum odlara” deyir və ötən ilin ağırlığından xilas olurdular.

İnanclara görə, odun üzərindən atılmaq bəd enerjini aradan qaldırır, xəstəlik və uğursuzluğu uzaqlaşdırırdı. Torpaq çərşənbəsinin ayinlərindən biri də su ayinidir. Belə ki, torpaq çərşənbəsində axar suya toxunmaq və bir-birinin üzərinə su çiləmək təmizliyi və saflığı simvolizə edir. Su həyatın simvoludur. Bu ayini torpaqla da həyata keçirirdilər, torpağa toxunaraq il üçün ruzi və bərəkət arzulayırdılar.

Torpaq çərşənbəsində gənclərin sevdiyi fallara da baxılırdı. Məsələn; su falı və üzük falı həyata keçirilirdi. Üzük falı zamanı gənc qızlar üzüklərini saç telinə bağlayıb qabda olan suya salır və üzüyün qabın divarlarına dəyməsini sayırdılar. İnanca görə, əldə edilən rəqəm həmin qızın ailə quracağı yaşı göstərirdi.

Torpaq çərşənbəsinin önəmli ayinlərindən biri də duzlu kökə falı idi. Gənc qızlar yuxuda duzlu kökə yeyib yatar və yuxuda ona su verən şəxs gələcək həyat yoldaşı olacağına inanılırdı.

İlaxır çərşənbənin süfrəsi zəngin olurdu. Bu gün xüsusi xörəklər hazırlanırdı, süfrələrdə paxlava, plov və digər milli yeməklər olmalı idi. Bu gün də bəzi bölgələrdə Novruz adət ənənəyə uyğun keçirilir. Şirniyyatlar bişirilir, evlər təmizlənir, ölənlərin məzarı ziyarət edilir.

Novruz Azərbaycan xalqının bayramıdır və bu bayramla bağlı milli adət-ənənələrimiz var. Çalışmalıyıq ki, bu adətlər unudulmasın.

Qarşıda Novruz bayramı gəlir. Bütün problemlərin, uğursuzluqların ötən ildə qalması diləyi ilə…

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Son xəbərlər
Bütün xəbərlər »