Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bölgədəki Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və təxliyəsi istiqamətində tədbirləri gücləndirib. Bölgədə fəaliyyət göstərən səfirlik və baş konsulluqlar gücləndirilmiş rejimdə işləyir və indiyədək yalnız bir nəfər istisna olmaqla vətəndaşlar arasında xəsarət alan olmadığı bildirilir. Azərbaycan Hava Yolları tərəfindən həyata keçirilən xüsusi reyslə Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı, həmçinin azərbaycanlı mənşəli digər ölkə vətəndaşları ölkəyə təxliyə edilib. Bundan əlavə, Dubay şəhərindən müntəzəm reyslərlə yüzlərlə vətəndaş Azərbaycana qayıdır, Qətərdə olan təxminən 200 nəfərin isə Səudiyyə Ərəbistanı üzərindən təxliyəsi planlaşdırılır. Nazirlik həmçinin İran ərazisində olan vətəndaşların Azərbaycan və Türkiyə quru sərhədlərindən çıxışına şərait yaradıldığını və artıq yüzlərlə şəxsin ölkəyə qayıtdığını açıqlayıb.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ölkəmizin yerləşdiyi coğrafiyanın şimalında və cənubunda müharibələr tarixinin iki ən böyük müharibəsi baş verməkdədir, ancaq buna baxmayaraq, Azərbaycan bu qədər mürəkkəb regionda, sabitliyin və təhlükəsizliyin ünvanıdır.
Hikmət Babaoğlu“Azərbaycanın həyata keçirdiyi uzaqgörən, dərin strateji xarici siyasət və daxili siyasət kursuna bağlıdır. Ona görə də hazırda İran ərazisinə evakuasiya edilməli olan bir çox ölkələrin vətəndaşları öz təhlükəsizliklərini məhz Azərbaycan vasitəsilə təmin edir, Azərbaycan üzərindən öz ölkələrinə qayıdırlar və Azərbaycan bunun üçün hər cür rahat şərait yaradır. Amma eyni zamanda biz bilirik ki, İran-İsrail müharibəsi daha geniş coğrafiyada daha böyük müharibəyə çevrilməkdədir. Ona görə də, biz Körfəz dövlətlərində, o cümlədən birbaşa müharibəyə cəlb edilmiş ölkələrdə olan Azərbaycan vətəndaşlarının da təhlükəsiz olaraq ölkəmizə qayıtması üçün böyük tədbirlər həyata keçirilir. Bu da onu göstərir ki, Azərbaycan hər şeydən öncə öz vətəndaşlarının yanındadır, onların təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni edir. Məsələn; Səudiyyə Ərəbistanın Ciddə şəhərindən Qətərdən və digər Körfəz ölkələrindən Azərbaycan vətəndaşlarının gətirilməsi və üçüncü ölkə vətəndaşlarının da məhz Azərbaycan üzərindən təxliyə edilməsi uğurla həyata keçirilir”-deyə deputat qeyd edib.
“Azərbaycanın böhranı idarə etmək üçün kifayət qədər zəngin təcrübəsi var. Nəticə etibarilə, Azərbaycan uzun illər müharibə və böhran şəraitində yaşamışıq. Azərbaycana qarşı edilən hücumlar, Azərbaycanın müxtəlif bölgələrində humanitar böhranlara səbəb olub. Böhranlı vəziyyətlərdə humanitar problemləri həll etmək üçün Azərbaycanın zəngin təcrübəsi var. Məhz bu təcrübəyə əsasən. Azərbaycan xüsusi mexanizmlər vasitəsilə hərəkət edərək, bu təcrübəni vətəndaşlarımızın və üçüncü ölkə vətəndaşlarının təhlükəsizliyi üçün tətbiq edir”-deyə Hikmət Babaoğlu bildirib.
İradə Cəlil, Bizimyol.info






