İranın atdığı ballistik raketin ehtimal olunan hədəfi Türkiyədə yerləşən İncirlik hərbi bazası olub, burada ABŞ Hərbi Hava Qüvvələrinin əhəmiyyətli kontingenti yerləşir.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" (NYT) yüksək rütbəli amerikalı hərbçi və Qərb ölkələrindən birinin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, raket İraq və Suriya üzərindən keçib, sonda Türkiyə istiqamətində uçarkən Aralıq dənizində vurulub. Qəzetin mənbələri bildiriblər ki, İran raketini ABŞ Hərbi Dəniz Qüvvələrinin “Oscar Austin” destroyerindən atılan "SM-3" interceptor raketi vurub. Vurulmuş raketin qalıqları Türkiyənin Hatay vilayətində, Suriya sərhədinə yaxın ərazilərdə düşüb, heç kim xəsarət almayıb.
Qəzet xatırladır ki, Türkiyə NATO üzvüdür və ona qarşı hücum alyansın 32 üzvünü mümkün münaqişəyə cəlb edə bilər.
Türkiyənin cənubundakı Adana şəhəri yaxınlığında yerləşən İncirlik hava bazası ABŞ və NATO Hərbi Hava Qüvvələrinin Avropadakı ən şərqdə yerləşən bazasıdır. 1950-ci illərin ortalarında yaradılıb və daha sonra Türkiyə Hərbi Hava Qüvvələrinin 10-cu əsas bazasına çevrilib.
Qadir, Bizimyol.info






