Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağır çanta, ağır məsuliyyət... "Təhsil keyfiyyətlə ölçülməlidir, kiloqramla yox" - Məktəbin yükü kimə düşür?
Ağır çanta, ağır məsuliyyət... "Təhsil keyfiyyətlə ölçülməlidir, kiloqramla yox" - Məktəbin yükü kimə düşür?

Məktəblilərin çanta yükünün azaldılması məsələsi yenidən gündəmə gəlib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 2025-ci il üzrə məruzəsində şagird çantalarının həddindən artıq ağır olmasının onların sağlamlığına və fiziki inkişafına mənfi təsir göstərdiyi vurğulanıb. Sənəddə tədris proqramının optimallaşdırılması, yığcam və inteqrasiya olunmuş dərs materiallarının tətbiqi, rəqəmsal resurslardan istifadənin genişləndirilməsi və məktəblərdə dolabların quraşdırılması kimi təkliflər yer alıb.

Bu məsələ, təkcə uşaqların problemi deyil. Çanta yükü valideynlərin də gündəlik qayğısına çevrilib. Xüsusilə ibtidai sinif şagirdlərinin çantaları bəzən 5–7 kiloqramdan da ağır olur. Müəyyən yaşa çatmış böyüklər belə həmin çantanı qaldırarkən çətinlik çəkir. Təsəvvür edin ki, bədən çəkisi 20–25 kiloqram olan bir uşaq hər gün bunun dörddə birinə yaxın ağırlığı çiyinlərində daşıyır.

Mütəxəssislər bildirirlər ki, ağır çantalar onurğa əyriliyi, bel və çiyin ağrıları, düzgün olmayan qamət formalaşması kimi problemlərə səbəb ola bilər. Uşaq orqanizmi hələ formalaşma mərhələsindədir və davamlı fiziki yüklənmə gələcək sağlamlıq problemlərinin təməlini qoya bilər. Ən təhlükəlisi isə odur ki, bu proses səssiz gedir və valideynlər çox zaman problem artıq formalaşandan sonra fərqinə varırlar.

Problemin əsas səbəblərindən biri tədris proqramının ağırlığı və eyni fənn üzrə bir neçə vəsaitdən istifadə olunmasıdır. Dərslik, iş dəftəri, əlavə test toplusu, metodik vəsait bütün bunlar bir şagirdin çantasına sığışdırılır. Üstəlik, bir çox hallarda həmin vəsaitlərin hamısı eyni gün tələb olunur. Halbuki inteqrasiya olunmuş, daha yığcam tərtibatlı materiallar bu yükü xeyli azalda bilər.

Rəqəmsal resurslardan istifadə də real çıxış yollarından biridir. Elektron dərsliklər və onlayn tapşırıqlar kağız daşıyıcıların sayını azalda bilər. Lakin bunun üçün məktəblərin maddi-texniki bazası gücləndirilməli, bütün şagirdlər üçün bərabər imkan yaradılmalıdır. Əks halda rəqəmsallaşma da yeni sosial fərqlər doğura bilər.

Digər praktik həll yolu məktəblərdə fərdi dolabların quraşdırılmasıdır. Şagird gündəlik istifadə etmədiyi vəsaitləri məktəbdə saxlaya bilsə, çantasının çəkisi əhəmiyyətli dərəcədə azalacaq. Bu, bir çox ölkələrdə artıq tətbiq olunan sadə, lakin effektiv təcrübədir.

Təhsil keyfiyyətlə ölçülməlidir, kiloqramla yox. Uşağın məktəbə sevə-sevə getməsi üçün onun çiyinlərinə fiziki və psixoloji ağırlıq yükləmək yox, öyrənmə prosesini daha rahat və əlçatan etmək lazımdır.

Çanta yükü, sadəcə kitabların çəkisi deyil. Bu, sistemin planlaşdırma yüküdür və həmin yük ən zəif çiyinlərə uşaqların çiyinlərinə düşür. Problemin həlli isə yalnız ailənin deyil, bütövlükdə təhsil siyasətinin məsuliyyətidir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »