Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qonşuluğumuzdakı müharibə həm, informasiya, həm psixoloji, həm də ictimai rəyə təsir müharibəsidir"
"Qonşuluğumuzdakı müharibə həm, informasiya, həm psixoloji, həm də ictimai rəyə təsir müharibəsidir"

Regionda gərginlik fonunda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ qüvvələrinə ağır itkilər yetirildiyini iddia edir, lakin ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu rəqəmləri təsdiqləmir və fərqli məlumat açıqlayır. Rəqəmlər arasındakı kəskin ziddiyyət hadisələrin hərbi deyil, eyni zamanda informasiya müstəvisində də mübarizə predmetinə çevrildiyini göstərir. Bu cür qarşılıqlı ittihamlar regionda gərginliyi artırmaqla yanaşı, ictimai rəyin yönləndirilməsi uğrunda mübarizənin də getdiyini ortaya qoyur.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, regionumuzda baş vermiş müharibə, heç şübhəsiz ki, narahatedicidir: “Azərbaycan müharibə görmüş, müharibə aparmış bir ölkə kimi müharibənin nə demək olduğunu yaxşı bilir və ona görə də soydaşlarımızın yaşadığı İranda da müharibənin olmasını istəmir. Ancaq bir də bizim arzularımızdan kənar dünyanın reallığı var. Reallıq ondan ibarətdir ki, bu gün ABŞ-İsrail ilə İran arasındakı müharibə şiddətlə davam edir. Əgər bu cür gedəcəksə, biz daha dramatik hadisələrə şahidlik etməli olacağıq.

Hazırkı müasir mərhələdə müharibələr sadəcə hərbi müharibələr deyil. Bunun çoxlu komponentləri var. Bu müharibə həm, informasiya, həm psixoloji, həm də ictimai rəyə işləmək müharibəsidir. Biz belə bir müharibədə hibrid müharibənin bütün komponentlərini görürük. Artıq mənə elə gəlir ki, biz bunu normal qəbul etməliyik, sadəcə özümüzün müharibə haqqında obyektiv təsəvvürlərimiz olmalıdır. Yəni hər bir ölkənin intellektual hissəsi və media subyektləri öz ölkəsinin kütləvi şüurunun manipulyasiya edilməsinə yol verməməlidir”.

Hikmət Babaoğlu Hikmət Babaoğlu

“ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) səsləndirdiyi rəqəmlərlə İranın səsləndirdiyi rəqəmlər əlbəttə ki, fərqli olacaq. Bu cür tendensiyaları artıq müşahidə edirik. Başqa bir prosesdə Azərbaycanın ictimai rəyi də manipulyasiya edilməyə çalışır. Ona görə biz burada daha çox diqqətli olmalıyıq. Məsələn; müharibə davam edərsə, cənublu soydaşlarımız Azərbaycana miqrasiya edə bilər, çoxsaylı qaçqınlar gələ bilər və s. Amma mənə elə gəlir ki, bunun da real əsasları yoxdur. Bu məsələlərdə biz daha diqqətli olmalıyıq”-deyən deputat hesab edir ki, bu cəhdlər olub və olacaq.

Deputatın fikrincə, əsas odur ki, Azərbaycanın "informasiya əsgərləri", yəni milli media və cəmiyyətin aparıcı siyasi şüuru daima Azərbaycan cəmiyyətinin aktiv əsaslarda məlumatlandırmağı bacarmalıdırlar: “Mənə elə gəlir ki, bu sahədə də iş o qədər pis deyil”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »