Sergey Lavrov və Mohammed bin Abdulrahman Al Thani İran ətrafında yaranmış vəziyyəti müzakirə edərək, münaqişənin diplomatik yolla həllinə təcili qayıdışın vacibliyini vurğulayıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər regionu sabitsizləşdirə biləcək bütün hərbi əməliyyatların dayandırılmasının zəruriliyində həmfikir olublar. Görüşdə ABŞ, İsrail və İran İslam Respublikası arasında mövcud problemlərin BMT Nizamnaməsi və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi prinsipləri əsasında siyasi-diplomatik proses yolu ilə həllinin vacibliyi qeyd edilib.
Açıqlamada həmçinin vurğulanıb ki, bütün tərəflər Fars körfəzi ərəb dövlətlərinin qanuni maraqlarını tam şəkildə nəzərə almalıdır.
Sergey Lavrov eyni zamanda Körfəz bölgəsində kollektiv təhlükəsizlik arxitekturasının formalaşdırılması ilə bağlı Rusiyanın təşəbbüsünü bir daha təsdiqləyib.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ən iri şəhərləri, o cümlədən paytaxt Tehran hədəfə alınıb. Ağ Ev hücumları İran tərəfindən qaynaqlandığı iddia edilən raket və nüvə təhdidləri ilə əsaslandırıb.
İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan edib. İrandan raket və pilotsuz təyyarələrin atışları barədə məlumat verilib, Təl-Əviv ərazisində hava hücumu sirenləri səsləndirilib. Mehr xəbər agentliyinin məlumatına görə, ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi bazaları da zərbələrə məruz qalıb.
Region ölkələri hava məkanlarını bağlayır, aviaşirkətlər isə reysləri müvəqqəti dayandırır.
Bizimyol.info






