Erkən yaş uşaqlarının söz ehtiyatı onların düşüncə və ünsiyyət bacarıqlarının əsasını təşkil edir. Uşağın danışıq qabiliyyətinin inkişafı həm məktəb həyatına, həm də sosial münasibətlərinə birbaşa təsir göstərir. Buna görə valideynlər və müəllimlər uşaqlarda söz ehtiyatını artırmaq üçün təsirli üsulları öyrənməli və tətbiq etməlidirlər.
- Erkən yaşda uşaqlarda söz ehtiyatını artırmağın effektiv yolları hansılardır?
Defektoloq-loqoped Günay İbrahimli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, söz ehtiyatı zəngin olan uşaqlar sosial münasibətlərdə daha aktiv olurlar: “Erkən yaş dövrü uşağın nitq və düşüncə inkişafının təməl mərhələsidir. Bu dövrdə formalaşan söz ehtiyatı uşağın həm ünsiyyət bacarıqlarına, həm də gələcək akademik uğurlarına birbaşa təsir göstərir. Söz ehtiyatı zəngin olan uşaqlar fikirlərini daha rahat ifadə edir, sosial münasibətlərdə daha aktiv olurlar.
Uşaqlarda söz ehtiyatını artırmağın ən effektiv yolu gündəlik ünsiyyəti keyfiyyətli və məqsədli şəkildə qurmaqdır. Birgə kitab oxumaq, şəkillər üzərindən danışmaq və açıq suallar vermək nitq inkişafını sürətləndirir. Rol oyunları, təsviri oyunlar və gündəlik situasiyaların canlandırılması uşağın həm passiv, həm də aktiv lüğəti artırır. Eyni zamanda ekran vaxtının məhdudlaşdırılması da burda əhəmiyyət daşıyır.
Loqoped dəstəyi ilə aparılan sistemli məşğələlər uşağın söz ehtiyatının yaşına uyğun səviyyəyə çatdırılmasına kömək edir.
Unutmayaq ki, hər yeni söz uşağın dünyanı daha yaxşı anlaması deməkdir. Güclü nitq bacarığı isə sağlam sosial və akademik gələcəyin açarıdır”.
Günel Həsənova, Bizimyol.info






