Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 yaşlı uşaq həkim səhlənkarlığı nəticəsində necə həyatını itirdi: Göyçay xəstəxanasında baş verənlər...
10 yaşlı uşaq həkim səhlənkarlığı nəticəsində necə həyatını itirdi: Göyçay xəstəxanasında baş verənlər...

Göyçayda 10 yaşlı Rəsul Əliyevi anası, nənəsi və başqa qohumları rayon mərkəzi xəstəxanasına aparsalar da, orada lazım olan müayinələrdən keçirilməyib. Uşağın vəziyyətinin ağır olmasına baxmayaraq, o durumda da evə göndərilib.

Bizimyol.info xəbər verir ki, gecə yarısı Təcili Tibbi Yardım vasitəsilə valideynləri uşağı yenidən xəstəxanaya gətiriblər. Bu dəfə də həkimlərin biganə yanaşdığını görən ata Orxan Əliyev TƏBİB-in “Qaynar Xətt”inə şikayət edib. O, bildirib ki, övladının təcili müayinə və müalicəyə ehtiyacı olsa da, zəruri addımlar atılmır.

Valideynlərin dediyinə görə, uşaqda halsızlıq, qarın nahiyəsində ağrı olub. O, həmçinin nəfəs almaqda çətinlik çəkib. Həmin gecə növbədə olan uşaq həkimi Elza Həsənovadan dəfələrlə xahiş ediblər ki, uşağın ağciyərləri yoxlanılsın.

Uşağın valideynlərinin bildirdiyinə görə, birinci dəfə onu xəstəxanaya aparanda Namiq adlı pediatr temperaturu və oksigen saturasiyasını ölçüb, vena daxilinə sistem köçürülməsinə göstəriş verib. Tibb bacısı həkimin göstərişi ilə sistem köçürüb. Bir qədər sonra Rəsulun səhhəti pisləşməyə başlayıb. Həkim sistem gedə-gedə inqolasiya aparatını ağız boşluğuna taxıb. Həmin vaxt axşam saat 21.00 radələrində xəstəxanada növbə dəyişib. Növbəni digər uşaq həkimi Elza Həsənova təhvil alıb.

Ananın dediyinə görə, Namiq həkim həmkarına bu uşağın səhhətinin ağır olması barədə məlumat verib. Tam müayinələrinin aparılması, uşağın müşahidə altında saxlanılmaqla stasionar müalicəyə yerləşdirilməsini və evə buraxılmamasını tövsiyə edib. Namiq həkimin iş vaxtı bitdiyinə görə çıxıb gedib: “Lakin həmin vaxt Namiq həkim Rəsulun səhhətinin ağırlığının konkret nədən ibarət olması barədə heç nə demədi. Qısa müddətdə təcili yardım bölməsində xəstə uşaqların sayı artdı. Sistem qurtarandan sonra Elza həkim Rəsulun səhhətində ciddi problem olmadığını dedi. Bildirdi ki, Bakıda ixtisaslaşmış xəstəxanaya aparsaq, daha yaxşı olar. Ya da evə aparıb, müalicəni evdə davam etdirək. Elza həkimdən soruşduq ki, uşağa nə diaqnoz qoyulur? Saymazyana şəkildə dedi ki, diaqnozu müəyyənləşdirə bilməyiblər. Xəstə sayı çoxdur, uşaq xəstəxanada qalsa, daha da ağırlaşacaq. Nə ağciyərlərini rentgen elətdirdi, nə qan analizi götürdülər. Dedik ki, ay həkim, təcili yardım maşını təşkilinə kömək edin, Bakıya aparaq. Qayıtdı ki, “skorunu neynirsiz, oyun-oyuncaq eləmisiz skorunu, götürün öz maşınınızla aparın”.

Rəsul Əliyevi evə gətirəndən bir neçə saat sonra onun vəziyyəti pisləşib və Təcili Tibbi Yardım çağıraraq, gecə saat 4 radələrində yenidən xəstəxanaya aparıblar: “Növbətçi həkim Elza gözünü ovxalaya-ovxalaya gəldi ki, uşağı hələ Bakıya aparmamısız? Uağın atası əsəbiləşdi ki, siz Bakıya aparmaq üçün nə sənəd verdiniz bizə? Təxminən yarım saat heç bir tibbi yardım göstərilməyəndə uşağın atası TƏBİB-in “Qaynar xətt”inə zəng elədi. Oradakı şəxs Elza həkimlə danışdı. Bundan sonra Elza həkim Rəsula sistem köçürdü. Ona dedik ki, uşağı ətraflı müayinə eləsin, başqa həkimlərlə məsləhətləşsin, KT olunsun. Dedi ki, həkimlər bu vaxt yatıb, KT aparatı da işləmir, uşağı Bakıya aparın”.

Orxan Əliyev oğlunun vəziyyətinin ağır olduğunu və zəruri tibbi yardımın göstərilmədiyini görüb, yenidən TƏBİB-ə zəng edib. Bundan sonra xəstəxananın şöbə müdiri, reanimatoloq və s. həkimlər gəlib. Məsləhətləşmələrdən sonra ortaq fikir bu olub ku, uşaq təcili Bakıya aparılmalıdır. Bundan sonra da təcili yardım avtomobilinin verilməsi ilə bağlı şöbə müdiri ilə mübahisə yaranıb. Şöbə müdiri təcili yardım avtomobili təşkil etmək səlahiyyəti olmadığını, həmin avtomobilin ödənişli olduğunu deyib. TƏBİB-ə edilən şikayətlərdən və etirazlardan sonra səhər saat 7 radələrində təcili yardım avtomobili gəlib.

Uşağı səhər saat 9.30-da Respublika Klinik Xəstəxanasına çatdırıblar. Valideynləri bildirir ki, həmin vaxt Rəsulun vəziyyəti daha da ağırlaşmışdı. O, hətta atasını da tanımır, yeriyə bilmirdi. Günaorta 14.15-də uşaq xəstəxanada vəfat edib.

Respublika Klinik Xəstəxanasının həkimləri Rəsul Əliyevə ağır pnevmaniya diaqnozu qoyublar.

Valideynlər hesab edirlər ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasında vaxtında müdaxilə edilərək, lazım olan tibbi yardım göstərilsəydi, uşağın vəziyyəti bu həddə ağırlaşmaz, onun ölümünün qarşısını almaq mümkün olardı.

Rəsul Əliyevin ölümünə görə Göyçay Rayon Mərkəzi Xəstəxanasının pediatrı Elza Həsənova cinayət məsuliyyətinə cəlb olunub.

Ekspertiza rəyində göstərilib ki, uşaq birinci dəfə xəstəxanaya gətiriləndə onun döş qəfəsi orqanlarının rentgen və ya torakal KT müayinəsi, həmçinin digər kliniki instrumental müayinələr aparılmalı idi. Həmin müayinələr aparıldığı halda, onun ölümünə səbəb olan hal vaxtında müəyyən edilə bilərdi. Buna müvafiq ixtisaslı tibbi yardımlar və reanimasiya tədbirləri aparılmış olsaydı, onun həyatı xilas oluna bilərdi.

Bundan başqa, Rəsul Əliyev ikinci dəfə gecə saat 4 radələrində xəstəxanaya gətiriləndə ona “Kəskin respirator infeksiya, naməlum etiologiyalı anemiya” diaqnozu qoyulub. Ekspertin rəyinə görə, bu diaqnoz qismən düzgün olub: “Diaqnoz müvafiq instrumental müayinələrlə dəqiqləşdirilməli idi. Diaqnoz əsaslandırılmamış, tibbi yardımların göstərilməsi haqqında hər hansı bir qeydiyyat aparılmayıb və xəstənin təxliyyəsinə qərar verilib. Tibbi xidmətin yetərsizliyi xəstənin vəziyyətinin daha da dərinləşməsinə səbəb olub və vaxtında tibbi xidmətin düzgün təşkil edilməməsi ilə baş vermiş ölüm arasında səbəbli əlaqə var. Buna məsul şəxs növbətçi həkimdir”.

Bu ölüm hadisəsinə görə 1960-cı il təvəllüdlü Elza həkimə qarşı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb.

O, ittihamı qəbul etməyib. İfadə verərkən də özünü təqsirli bilmədiyini deyib. İfadəsində bildirib ki, ondan əvvəl başqa həkimlər Rəsul Əliyevi müayinə etmişdi. Onun sözlərinə görə, növbədə olduğu gün xəstə çox olub, bir də baxıb ki, uşağın yaxınları onu götürüb aparıblar. Onun sözlərinə görə, özündən asılı olan bütün addımları atıb.

Məhkəmə araşdırmalardan sonra həkimə qarşı ittihamı Cinayət Məcəlləsinin 142.4 (Tibbi xidmətin göstərilməsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edib. 66 yaşlı həkim bu maddə ilə təqsirli bilinərək, 2 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki bu əməl ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Onun həmçinin 2 il həkimlik fəaliyyətilə məşğul olmaq hüququ da məhdudlaşdırılıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »