Bəzən ödəmə aparatlarında, yaxud da bankların mobil proqram tətbiqində pul göndərilərkən yanlış köçürmələr olur. Yəni səhvən vəsait tamam fərqli müştəriyə köçürülür. Elə hallar olur ki, pulu səhv köçürən şəxs onun geri qaytarılmasını tələb etsə də, qarşı tərəf qaytarmaqdan imtina edir. Nəticədə tərəflər arasında problem yaranır.
Bizimyol.info xəbər verir ki, Tovuz sakini Elməddin adlı tanışına telefonunda bankın mobil proqram tətbiqi vasitəsilə 1000 manat pul göndərmək istərkən qarşı tərəfin bank kartının ilk 8 rəqəmini səhv yazıb. Nəticədə həmin 1000 manat səhvən tamam başqa bir adamın kart hesabına köçüb.
Pul sahibi 1000 manatın geri qaytarılması üçün müştərisi olduğu bankın Tovuz filialına ərizə yazıb. Filial tərəfindən pulun geri qaytarılması ilə bağlı bankın baş ofisinə sorğu göndərilib. Şikayətçi bildirir ki, 3 dəfə müraciət edilməsinə baxmayaraq, bank hərəkətsizlik göstərib, pulun geri qaytarılması təmin olunmayıb. Yaranmış problemin həlli üçün heç bir tədbir görülməyib. Yəni nə pul geri qaytarılıb, nə də ona 1000 manatın səhvən köçürüldüyü kart hesabının sahibinin kimliyi barədə məlumat verilib. Bunu da belə əsaslandırıblar ki, bank sirridir, ona görə həmin şəxs haqqında məlumat verə bilməzlər.
Bundan sonra şikayətçi məhkəməyə müraciət edərək, 1000 manatının ona qaytarılması barədə qərar çıxarılmasını istəyib. O, ərizəsində göstərib ki, səhvən pul göndərilmiş şəxs əsassız varlanma qaydalarına uyğun olaraq, həmin vəsaiti ona qaytarmalıdır: “Mən faktiki pulumdan, mülkiyyətimdən məhrum olmuşam”.
Məhkəmə prosesinin gedişində şikayətçi vəsatət qaldırıb. Həmin vəsatəti məhkəmə təmin edərək, banka sorğu göndərib və bununla da müəyyənləşdirilib ki, 1000 manatın səhvən göndərildiyi hesabın sahibi kimdir.
Araşdırmalardan sonra məhkəmə qərar verib ki, iddia təmin olunmalıdır.
“Məhkəmə hesab edir ki, cavabdehin əsassız varlanması nəticəsində iddiaçıya 1000 manat məbləğində maddi ziyan dəyib. Buna görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır”, - deyə Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidova qərarında yazıb.
Məhkəmənin qərarına əsasən, iddia təmin olunub. Yəni səhv nəticəsində köçürülmüş 1000 manat sahibinə geri qaytarılmalıdır.
Aytən, Bizimyol.info






