Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sanksiya altında olan dövlətlər sanksiya tətbiq edənlərə qarşı birləşsələr, dünyada siyasi güc balansı dərinləşəcək"
"Sanksiya altında olan dövlətlər sanksiya tətbiq edənlərə qarşı birləşsələr, dünyada siyasi güc balansı dərinləşəcək"

Belarus Prezidenti Aleksandr Lukaşenko sanksiyalar altında olan ölkələrin birləşdirilməsi ideyasını dəstəklədiyini açıqlayıb. O bildirib ki, Rusiya və Çinlə əməkdaşlıq edərək güclərini birləşdiriblər və sanksiya tətbiq edənlərin qorxmasını təmin edə bilərlər. Lukaşenko vurğulayıb ki, birgə fəaliyyət həm birbaşa, həm də ikinci dərəcəli sanksiyalara qarşı effektiv müdafiə yaradır.

  • Sanksiyalar altında olan ölkələrin birləşməsi qlobal siyasətdə hansı təsirlərə səbəb ola bilər?

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində Lukaşenkonun təşəbbüsü yeni deyil: “Əslində “BRICS”- Şanxay Əməkdaşlıq Təşkilatının yaranması bu qlobal güc balansında yeni bir modelin ortaya çıxmasını şərtləndirirdi”.

Əli Mustafa Əli Mustafa

“Adətən sanksiyalarla daha çox ABŞ və Avropa ölkələri çıxış edir. Bu da onunla bağlıdır ki, bu Qərb Mərkəzli dünyada bu ölkələrin başqa ölkələrə, dövlətlərə təsir imkanları və mexanizmləri var idi. Yəni sanksiyanı istənilən dövlət qəbul edə bilər. Amma bu sanksiyanın təsir imkanı yoxdursa və ya təsir edə bilmirsə, heç bir mənası yoxdur. Amma indi dünyanın iqtisadi-maliyyə sistemi elə qurulub ki, Avropa və ya Amerika Birləşmiş Ştatları hansısa bir ölkəyə və yaxud ölkələrə sanksiya tətbiq edəndə o real işləyə bilir. Artıq dövlətlər bu sanksiyanın təsirinə düşə bilirlər. Məsələn; bu gün Ermənistan Belarusa sanksiya tətbiq edərsə, nə anlam verər?

Lukaşenko sanki bir daha bu məsələni təkrarlayıb. Demək istəyir ki, sanksiya altında olan dövlətlər birləşərsə sanksiya tətbiq edənləri qorxuda bilər. Onsuz da, belə bir bloklaşma var. Amma ümumiyyətlə avtoritar dövlətlər, avtoritar rejimlər daha çox sanksiyalar altındadırlar və onların da sanksiya altına düşməsi üçün açıq əsaslar da var. Məsələn; bu gün İran və Rusiya ilə bağlı sanksiyalar təsadüfi deyil. Onlar beynəlxalq münasibətlər sisteminə zidd davranışlar göstərirlər, beynəlxalq hüququ pozurlar. Rusiya Ukraynaya hücum edir. Belarus bu və ya digər məsələlərdə beynəlxalq birliyə zidd olan davranışlar ortaya qoyur. İranla bağlı da biz eyni şeyi görürük. Təbii ki, Çinlə də bağlı bəzən belə təhdidlər olur. Yəni bütün bunlar hamısı bir çox hallarda rejimlərin mahiyyətindən, rejimlərin maraqlarından doğur. Dünya da sanki bu sanksiyalarla rejimləri çəkindirməyə çalışır”-deyə politoloq qeyd edib.

“Sanksiya altında olan dövlətlər birləşsələr və yaxud da birgə fəaliyyət göstərmək və sanksiya tətbiq edənləri qorxutmaq istiqamətində korrektlər etsələr, aydın məsələdir ki, dünyada bu siyasi güc balansı dərinləşəcək. Bu proseslər gedir. Rusiya ilə Amerika arasında, Amerika ilə Çin arasında, Amerika ilə İran arasında qarşıdurmalar var. O cümlədən, Belarusun özü də Avropanın və Amerikanın bəzi sanksiyalarına məruz qalır. Yəni sadəcə olaraq bu qütbləşmə dərinləşəcək və yəqin ki, sonunda hansı tərəf üstündürsə daha ciddi resurslara malikdirsə, o tərəfin də istədiyi olacaq. Ya qalib gələcək, ya da sanksiyaya məruz qalan dövlət şərtlərlə razılaşacaq ki, bu sanksiyalardan qurtulsun. Necə ki, İran və Rusiya sanksiyaları altında əzilirlər, həmçinin anlayırlar ki, bundan qurtulmağın yeganə yolu beynəlxalq güc mərkəzlərinin diktəsinə əməl etməkdir.

Əslində Hindistan versiyası da var ki, Hindistan bir qədər fərqli siyasət yeridir, Amerika ilə uzlaşır, razılaşır, özünə qarşı olan hansısa təzyiqlərdən qurtulur. Məsələn; Rusiya neftini almır, bir qədər belə mövqe dəyişdirir. Yəni bu qlobal qütbləşmədə yerini daha çox böyük gücün yanında görür və bu sıxıntıdan özünü qurtarır”-deyə Əli Mustafa bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »