Azərbaycan son günlərdə Xəzərin üzləşdiyi ekoloji riskləri Cenevrədəki BMT müzakirələrində gündəmə gətirib. Leyla Əliyeva və digər yüksək səviyyəli rəsmlər, Xəzər regionunda idarəetmə və koordinasiyanın gücləndirilməsinə diqqət çəkiblər. Tehran Konvensiyasının yeni Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (#EIA) Protokolu artıq qüvvəyə minib və iri layihələr sərhədlərarası ekoloji təsirlər baxımından qiymətləndirilməlidir. Bu qaydalar neft-qaz, liman, boru kəməri, böyük enerji və infrastruktur layihələrini əhatə edir və regional məsuliyyət tələb edir. Xəzər yalnız iqtisadi resurs deyil, eyni zamanda biomüxtəliflik, insanların dolanışı və iqlim sabitliyi üçün həyati əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Deputat vurğulayıb ki, Azərbaycanda ətraf mühitin mühafizəsinə, ekoloji təhlükəsizliyin təmin olunmasına, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına xüsusi diqqət yetirilir.
Belə ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi də Azərbaycana qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdimatı oldu.
Vüqar RəhimzadəVüqar Rəhimzadə Xəzər dənizinin mövcud vəziyyətindən söz açaraq bildirib ki, Xəzər dənizi ciddi ekoloji problemlərlə üz-üzədir: “Son illər ərzində dənizin səviyyəsi bir metrdən çox aşağı düşüb. Bu, yalnız ölkəmizin problemi deyil. Bu dəniz region iqtisadiyyatı üçün strateji nəqliyyat dəhlizidir. Xəzəryanı beş ölkə bu problemi həll edərək Xəzəri qoruya bilər. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə görüşündə imzalanıb. Bu prosesdə Azərbaycanın konstruktiv mövqeyi ölkəmizin diplomatik nüfuzunu daha da artırmışdır. Azərbaycan Xəzər sahilyanı dövlətlərlə əməkdaşlıq mexanizmlərini gücləndirməklə qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verir”.
Deputatın sözlərinə görə, Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır: “Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi yeni bir hal deyil, amma son illərdə proses sürətlənib. Xəzər dənizi regionu XXI əsrdə həm enerji ehtiyatları, həm nəqliyyat marşrutları, həm də geosiyasi mövqeyi baxımından Avrasiya məkanının ən həssas və strateji bölgələrindən birinə çevrilib. Bu kontekstdə Azərbaycan yalnız enerji ehtiyatlarını ixracatçısı kimi deyil, həm də diplomatik təşəbbüskar və regional əməkdaşlıq platformalarının fəal iştirakçısı kimi çıxış edir”.
Deputatın fikrincə, Tehran Konvensiyasının yeni Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Protokolu regionda yeni ekoloji idarəetmə mərhələsi formalaşdırır. Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan üçün bu Protokol iki istiqamətdə əhəmiyyətlidir: “Bir tərəfdən, ölkənin suveren layihə təşəbbüsləri daha geniş regional razılaşma çərçivəsinə daxil olur. Digər tərəfdən, Azərbaycan ekoloji məsuliyyət və beynəlxalq hüquqa hörmət nümayiş etdirərək özünün konstruktiv tərəfdaş imicini möhkəmləndirir. Belə ki, Protokol layihələrin planlaşdırılmasında daha şəffaf, məsuliyyətli və çoxtərəfli yanaşmanı təşviq edərək Xəzər regionunda davamlı inkişaf modelinin formalaşmasına zəmin yaradır. Regional əməkdaşlıq və güclü monitorinq sistemi Xəzərin ekoloji sabitliyinə əhəmiyyətli töhfə verə bilər. Eyni zamanda, böyük infrastruktur layihələri iqtisadi inkişafı təmin edərkən ekoloji davamlılıq prinsiplərinə əsaslanmalıdır”.
İradə Cəlil, Bizimyol.info






