Türkiyəli GZT redaktoru Ertuğrul Çınar şəkərli içki olan kola haqqında bildirib ki, bir qutu kolada təxminən 10 kub şəkər var: “Normal şəraitdə bu qədər şəkəri bir anda yesəniz, bədəniniz bunu həddindən artıq doza kimi qəbul edib dərhal qusardı. Amma qusmursunuz – səbəbi kolanın tərkibindəki fosfor turşusudur. Bu maddə şəkərin sıx dadını boğur və beyninizi aldadır.
Bir saat ərzində bədəndə baş verən proseslərdə ilk 20 dəqiqədə - Qan şəkəri kəskin yüksəlir, insulin ifrazı artır. Qaraciyər bütün şəkəri dərhal yağa çevirərək bu şoka dözür. 40 dəqiqədə -Kofein tamamilə udulur. Göz bəbəkləri genişlənir, qan təzyiqi yüksəlir. Beyində dopamin ifrazı artır – bu, kolanın narkotik kimi asılılıq yaratma potensialını göstərir. 60-cı dəqiqədə isə - fosfor turşusu sümüklərdəki kalsium və maqneziumla birləşir və onlar sidik vasitəsilə bədəndən xaric olunur”.
O vurğulayıb ki, kola yalnız orqanizmi təravətləndirmir, həm də bədəninizdə ciddi kimyəvi reaksiyalar yaradır və uzun müddətdə asılılıq riski daşıyır.
- Normal şəraitdə bu qədər şəkəri bir anda yesək bədənimizin reaksiyası necə olar?
- Şəkərli içkilərin (kola, meyvə şirələri, enerji içkiləri və s.) gündəlik istehlakı bədənimizə necə təsir edir?
- Fosfor turşusunun və kofeinin təsiri nəyə görə qusmağa səbəb olmur? Bu miqdarda şəkərin uzunmüddətli sağlamlıq riskləri hansılardır?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, şəkərli içkiləri gündəlik və yüksək miqdarda qəbul edildikdə metabolik, stomatoloji və ürək-damar risklərini artırır.
Fərid Səfərov“Son zamanlar bu mövzu tez-tez müzakirə olunur.
- Bir qutu kolada həqiqətən 10 kub şəkər varmı?
Standart 330 ml-lik Coca-Cola təxminən 35 qram şəkər ehtiva edir. Bu da təxminən 8–9 çay qaşığı və ya 9–10 kub şəkərə bərabərdir. Yəni şəkər miqdarı doğrudan da yüksəkdir.
- Fosfor turşusu niyə qusmağa səbəb olmur?
Fosfor turşusu (E338) turşuluğu artırmaq və dad balansı yaratmaq üçün istifadə olunur. Şəkərin həddindən artıq şirin dadını balanslaşdırır. Dadı daha “yüngül” hiss etdirir.
Amma bu maddə qusma refleksini bloklamır və beyni “aldatmır”. Qusma mərkəzi əsasən toksik və ya mədə divarını ciddi qıcıqlandıran maddələrə cavab verir. Kola isə qida məhsulu olaraq təhlükəsiz dozada formullaşdırılıb.
Gündəlik şəkərli içki istehlakının uzunmüddətli riskləri
Əsas risk birdəfəlik içmək deyil, müntəzəm və gündəlik istifadədədir.
- Çəki artımı və piylənmə. Maye şəkər toxluq hissi yaratmır. Nəticədə əlavə kalori qəbul edilir.
- İnsulin müqaviməti və 2-ci tip diabet. Daimi yüksək qlikemik yük. İnsulinə həssaslığı azalda bilər. Metabolik sindrom riskini artıra bilər
- Qaraciyər piylənməsi. Xüsusilə fruktoza tərkibli siroplar (HFCS) qaraciyərdə yağ sintezini artıra bilər.
- Diş problemləri. Şəkər + turşuluq = mina eroziyası və kariyes riski.
- Sümük sağlamlığı. Yüksək fosforlu içkilərin çox istifadəsi və eyni zamanda aşağı kalsium qəbulu uzun müddətdə sümük sıxlığına mənfi təsir göstərə bilər.
- Asılılıq yaradırmı?
- Şəkər və kofein birlikdə mükafat sistemini aktivləşdirir.
- Təkrar istək yarada bilər.
- Amma bunu narkotik asılılıqla eyni səviyyədə qiymətləndirmək düzgün deyil. Bu daha çox davranış və dad vərdişi ilə bağlıdır.
Şəkərli içkilər birdəfəlik istifadədə dramatik “zəhər effekti” yaratmır. Amma gündəlik və yüksək miqdarda qəbul edildikdə metabolik, stomatoloji və ürək-damar risklərini artırır.
Əsas məsələ balansdır. Həftədə 1 dəfə içilən kola ilə hər gün içilən kola eyni təsirə malik deyil”, – deyə Fərid Səfərov vurğulayıb.
Sağlam qidalanaraq sağlam yaşayın!
Günel Həsənova, Bizimyol.info






