Prezident İlham Əliyev Fransa ilə münasibətlərdə problemlərin kökünün Azərbaycandan gəlmədiyini açıqlayıb. Prezident bildirib ki, İkinci Qarabağ müharibəsindən əvvəl münasibətlər çox yaxşı olub, qarşılıqlı səfərlər və biznes əməkdaşlığı genişlənib: “Nicolas Sarkozy, François Hollande və Emmanuel Makron dövrlərində Azərbaycan və Fransa arasında 10-dan artıq qardaşlaşmış şəhər əlaqələri qurulub”. İlahm Əliyev vurğulayıb ki, İkinci Qarabağ müharibəsi zamanı Fransa bir tərəfdən ərazi bütövlüyünü müdafiə etsə də, digər tərəfdən separatçılara dəstək verib: “Fransa parlamentinin qətnamələri və bəzi siyasi addımlar Azərbaycan tərəfindən suverenliyə hörmətsizlik kimi qəbul olunub”. Prezident qeyd edib ki, Azərbaycan yalnız qarşılıqlı hörmət və suverenliyinə hörmət tələb edib və problemlərin yaranmasında özünün rolu yoxdur.
Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan-Fransa münasibətləri sağlam məcrada davam edib, Sarkozinin və Ollandın prezident olduğu illərdə qarşılıqlı əməkdaşlığa, səfərlərə, biznes fəaliyyətlərinə üstün verilib və nəticədə Fransanın bir çox regionları ilə qardaşlaşmış şəhər əlaqələri yaradılıb: “Sonrakı dövrlərdə, təəssüflər olsun ki, Fransa rəhbərlərinin Azərbaycana qarşı qərəzli mövqelərinin təsiri nəticəsində xeyli dərəcədə zəifləyib. Bu da cənab Prezidentin bildirdiyi kimi, Fransanın səhvidir və Fransada problemlərin kökü Azərbaycandan gəlmir. Bu, Fransa rəhbərliyində olan rəsmi dairələrin, eləcə də Fransa parlamentinin Azərbaycana qarşı baxışları və davranışları nəticəsində meydana gəlib. Fransa son illərdə Azərbaycana qarşı demək olar ki, düşmən mövqeyində olub. Ermənistanı müdafiə etməklə və silahlandırmaqla, həmçinin Azərbaycana qarşı qərəzli, böhtan, şantaj kampaniyası aparmaqla ölkəmizin uğurlarına kölgə salmağa çalışılmış və bu məsələlər ən yüksək tribunalarda dəfələrlə səsləndirilmişdir”.
Tahir RzayevTahir Rzayev qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən də Fransa ermənilərin tərəfində olduğunu bir daha nümayiş etdirmiş, ərazi bütövlüyümüzü tanımasına, müdafiə etməsinə baxmayaraq, separatçıların tərəfində olmuş və özünün qərəzli mövqeyi ilə bilavasitə Azərbaycan həqiqətlərinə qara yaxmağa çalışmışdır. Bunun nəticəsi olaraq Fransa Milli Assambleyası və Senatı Azərbaycan haqqında 10-dan çox qərəzli qətnamə qəbul edib, hətta qondarma "Dağlıq Qarabağ"ı tanıyıb və Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmayıb.
Deputat vurğulayıb ki, Fransanın separatçıları dəstəkləməsi əlbəttə ki, Azərbaycan dövləti üçün bağışlanılmazdır və bu dövlətin qoyduğu mövqe, sözsüz ki, qiymətləndirilməlidir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə bu barədə öz fikirlərini bildirmiş, hətta ən mötəbər tribunalardan belə Fransanın tutduğu mövqeyi səhv adlandırmış, onları separatçıları faşistləri dəstəkləməkdə günahlandırmışdır. Bu hərəkətlər Azərbaycan dövləti tərəfindən heç vaxt qəbul edilmir və Makronun tutduğu yol qarşılıqlı əməkdaşlığa, sülhə, demokratiya xəyanət kimi qiymətləndirilir.
Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, Azərbaycan dünyanın bütün ölkələri ilə sülh, əməkdaşlıq, dostluq şəraitində yaratmaq, yaşamaq, işləmək tərəfdarıdır. Eləcə də Fransa ilə münasibətlərlə əlaqələrin normallaşdırılması üçün Azərbaycan bu gün də müəyyən addımlar atmağa hazırdır. Fransa dövləti və onun prezidenti də özünün məkrli niyyətlərindən, çirkin məqsədlərindən əl çəkməli, həmçinin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına dəstək verməlidir.
Biz Ermənistanla artıq sülh şəraitində yaşayırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu Münxen Təhlükəsizlik Konfransında jurnalistlərə verdiyi müsahibəsində bir daha bildirdi. Fransanın hakim dairələri öz hərəkətlərinə son qoymalı, separatçıları dəstəkləməkdən əl çəkməli və əlaqələrin yenidən normallaşdırılması üçün Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına çalışmalıdırlar”.
İradə Cəlil, Bizimyol.info






