Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kreditlərin və kredit kartlarının daha əlçatan olması insanların daha çox pul xərcləməsinə səbəb olur”
“Kreditlərin və kredit kartlarının daha əlçatan olması insanların daha çox pul xərcləməsinə səbəb olur”

Pulunuz olmayanda borcunuz da olmur. Pul qazanmağa başladıqca isə tez-tez çoxlu borc yığılır və insan bunu bəzən fərqinə varmadan görür bütün qazancınız borclara gedir. Bunun psixoloji tərəfi var: psixologiya və iqtisadiyyat birlikdə işləyir. Pul qazanan insan ödəyə biləcəyini düşündüyü üçün daha yüksək risk götürməyə hazır olur. Yəni şüursuz şəkildə yığılan borclar ehtiyacdan yox, indiki həyat səviyyəsini saxlamaq istəməkdən qaynaqlanır. Pul qazanan insan riskdən qorxmur, çünki idarənin öz əlində olduğunu düşünür. Müntəzəm gəlir isə ona “lazım gələrsə, daha çox qazana bilərəm” deyən arxayınlıq verir.

  • Pul qazandıqca insanlar daha çox borc götürməyə meylli olurlar?
  • Bu, ehtiyacdan yox, indiki həyat səviyyəsini saxlamaq instinktindən irəli gəlirmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan psixoloq Vüsalə Əmiraslanova bildirib ki, bəzi insanlar üçün arzularına çatmağın bir yolu, digərləri üçün isə dövrün tələblərinə uyğun davranış kimi özünü göstərir: “Ümumiyyətlə, son illərdə kreditlərin və kredit kartlarının daha əlçatan olması insanların daha çox pul xərcləməsinə səbəb olur. Əvvəllər nisbətən az gəlir əldə edən şəxslər qazancına uyğun kredit və ya kartlardan istifadə edirdisə, bu gün gəlir artdıqca daha yüksək məbləğlərdə kredit götürməyə və kredit kartlarından istifadə etməyə maraq artır.

Bu hal bəzi insanlar üçün arzularına çatmağın bir yolu, digərləri üçün isə dövrün tələblərinə uyğun davranış kimi özünü göstərir. Lakin bir psixoloq olaraq müşahidə etdiyimiz məqam ondan ibarətdir ki, kredit kartlarından istifadə edən şəxslər çox zaman xərclədikləri məbləği nəzərə almadan daha rahat pul xərcləməyə meylli olurlar. Bu isə gələcəkdə daha böyük borc yükünə səbəb ola bilir”.

Vüsalə Əmiraslanova Vüsalə Əmiraslanova

Vüsalə Əmiraslanova vurğulayıb ki, ən düzgün çıxış yolu şəxsi büdcənin düzgün planlaşdırılmasıdır: “Bu davranış müəyyən qədər insanın xarakter xüsusiyyətləri ilə də bağlıdır. Dövrün tələbləri təsir etsə də, bəzi insanlar kredit və ya kartla əldə etdikləri vəsaiti idarə etməkdə çətinlik çəkirlər. Bu vəziyyətdə ən düzgün çıxış yolu şəxsi büdcənin düzgün planlaşdırılmasıdır. Demək olar ki, nə qədər çox gəlir əldə edilsə də, borca düşmə riski xüsusilə kreditlərin əlçatanlığından sonra daha da artıb. Kreditlə əldə edilən vəsait alternativ yollarla da əldə oluna bilər, lakin daha asan və sürətli olduğu üçün insanlar buna daha çox üstünlük verirlər”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »