Pul olmadıqda borc da olmur. Ancaq insan pul qazanmağa başladıqca, çox vaxt fərqinə varmadan borclanmağa başlayır və bir müddət sonra görür ki, qazandığı gəlirin böyük hissəsi borclara gedir. Bunun arxasında ciddi psixoloji amillər dayanır. Pul qazanan insan adətən “ödəyə bilərəm” düşüncəsi ilə daha yüksək risklərə gedir. Bu səbəbdən borclar yığılır və bu borc çox zaman real ehtiyacdan yox, mövcud həyat səviyyəsini qorumaq istəyindən yaranır. Davamlı gəlir insanda riskdən qorxmamaq hissi yaradır. İnsan idarənin öz əlində olduğunu düşünür və “lazım gələrsə, daha çox qazana bilərəm” arxayınlığı ilə hərəkət edir.
- İnsanlar gəlir əldə etməyə başladıqca niyə daha çox borclanmağa meylli olurlar?
- Bu davranış ehtiyacdan çox mövcud həyat səviyyəsini qorumaq instinktindən irəli gəlirmi?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına psixoloq Aysun Alyarova açıqlamasında bildirib ki, müntəzəm maaş beyində təhlükə hissini söndürür: “Pul qazanan insanın beynində “ödəyə bilərəm” düşüncəsi formalaşır. Müntəzəm gəlir ona daxili arxayınlıq verir ki, lazım olsa, daha çox qazana bilərəm. Bu düşüncə riski kiçildir, borcu təhlükə kimi yox, idarə oluna bilən vasitə kimi göstərir. Bu isə çox vaxt şüursuz şəkildə baş verir.
Digər məqam odur ki, borcların böyük hissəsi real ehtiyacdan yox, mövcud həyat səviyyəsini qorumaq instinktindən qaynaqlanır. İnsan borcu yaşamaq üçün deyil, özünü alışdığı həyat tərzində görmək üçün götürür. Burada borc artıq maliyyə qərarı yox, psixoloji qərara çevrilir. İnsan əvvəl həyat səviyyəsini yüksəldir, sonra onu itirməmək üçün borclanır. Pul artdıqca xərcləmə norması da artır. Əvvəllər lüks hesab edilən şeylər zamanla “normal ehtiyac” kimi hiss olunmağa başlayır. İnsan bu yeni normaya tez uyğunlaşır və geri addım atmaq istəmir. Bu psixoloji adaptasiya borcu qaçılmaz edir, çünki həyat səviyyəsini aşağı salmaq beyində itki kimi qəbul olunur”.
Aysun Alyarova“Ən əsas məqamlardan bir də, müntəzəm maaşdır. Beyində təhlükə hissini söndürür. İnsan düşünür ki, maaş gələcək, bir yolunu taparam və s. Bu isə borcu normallaşdırır. Borc artıq “problem” yox, həyatın bir hissəsinə çevrilir.
Nəticədə bunu deyə bilərəm ki, insanlar çox vaxt borca pul çatmadığı üçün yox, həyat tərzlərini itirməmək üçün girirlər. Pul qazandıqca borcun azalması gözlənilsə də, psixoloji mexanizmlər səbəbilə çox vaxt əks proses baş verir. Borc artıq təhlükə yox, həyatın adi hissəsi kimi qəbul olunur”-deyə Aysun Alyarova qeyd edib.
Günel Həsənova, Bizimyol.info






