Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinə ciddi maliyyə vəsaiti cəlb etmədən dövlət qurumlarının müxtəlif informasiya sistemlərinin birləşdirilməsi üzrə plan hazırlamağı tapşırıb. Prezident bildirib ki, “pulla işləməyi hər kəs bacarar”.
Bizimyol.info xəbər verir ki, Tokayev respublika hökumətinin genişləndirilmiş iclasında çıxışı zamanı qeyd edib ki, indiyədək bütün qurumlar rəqəmsallaşma prosesini müstəqil şəkildə, vahid nəzarət olmadan aparıblar. Bu isə texniki problemlərlə yanaşı, dövlət vəsaitinin məsuliyyətsiz xərclənməsinə gətirib çıxarıb. Onun sözlərinə görə, Baş Prokurorluqda keçirilən müşavirədə hökumət nümayəndəsi sistemlərin birləşdirilməsi üçün tələb olunan məbləği açıqlayıb: “Dərhal deyim ki, bu qədər vəsait yoxdur və ola da bilməz”, - deyə qeyd edib.
Prezident “bir unudulmaz məmur-tikintiçinin” sözlərini xatırladaraq bildirib: “Pulla obyekt tikməyi axmaq da bacarar, amma bunu pulsuz etmək artıq ustalıqdır”. Tokayev hökuməti məhz bu ustalığı nümayiş etdirməyə çağıraraq, büdcədən böyük məbləğlər almadan konkret fəaliyyət planı təqdim etməyi tələb edib.
Dövlət başçısı vurğulayıb ki, keçid vahid "QazTech" platforması üzərindən həyata keçirilməlidir. Onun sözlərinə görə, parçalanmış rəqəmsal infrastruktur tez-tez nasazlıqlara səbəb olur və ölkənin inkişafını ləngidir.
Qadir, Bizimyol.info






