Son illər Azərbaycanda “faizsiz lotereya”, “aralarında pul yığımı” və ya “növbəli kassalar” adlanan qeyri-rəsmi maliyyə üsulları xeyli geniş yayılıb. Xüsusilə bank kreditlərinə çıxışı olmayan, faiz yükündən çəkinən və ya təcili maliyyə ehtiyacı olan insanlar bu üsula tez-tez üz tuturlar. Məqsəd adətən sadə olur. Kiminsə toyunu etmək, borc bağlamaq, müalicə xərclərini ödəmək və ya kiçik bir biznes işini yoluna qoymaq.
...Lakin bu “faizsiz” mexanizmin arxasında ciddi hüquqi risklər dayanır. Bu cür lotereyalarda pulların götürülüb qaçılması, öhdəliklərin yerinə yetirilməməsi və hüquqi müdafiənin zəifliyi real təhlükədir.
Faizsiz lotereyaların populyarlığının əsas səbəbi maliyyə alternativlərinin məhdudluğudur. Bank kreditləri yüksək faizli və mürəkkəb şərtlərlə təqdim olunur, qeyri-rəsmi gəliri olan şəxslər isə ümumiyyətlə bu sistemdən kənarda qalır. Belə vəziyyətdə insanlar bir-birinə güvənərək “öz aramızdadır” prinsipi ilə pul yığmağa razılaşırlar.
Problem də məhz burada başlayır. Münasibətlər güvən üzərində qurulur, hüquq üzərində yox. Əksər hallarda tərəflər arasında heç bir müqavilə bağlanmır. Şifahi razılaşma isə mübahisə yarananda sübut kimi zəifdir. Pul götürülüb qaçdıqda və ya ödənişlər dayandırıldıqda hüquqi mexanizmlər demək olar ki, işə düşmür.
Lotereyanı təşkil edən şəxs adətən böyük məbləğdə pulu idarə edir. Heç bir nəzarət mexanizmi olmadığı üçün bu vəsaitin mənimsənilməsi riski yüksəkdir. Belə hallarda cinayət tərkibini sübut etmək də asan olmur.
Faizsiz lotereyalar nə bank fəaliyyəti, nə də rəsmi maliyyə aləti sayılır. Bu da o deməkdir ki, dövlət nəzarəti faktiki olaraq mövcud deyil. İnsanlar hüquqi boşluqda qalır.
İştirakçılar çox vaxt düşünür ki, “hamımız tanışıq, heç kim qaçmaz”. Amma praktikada münasibətlər pozulduqda kollektiv güvən anlayışı bir anda dağılır və hər kəs özünü qorumağa çalışır.
Faizsiz lotereyaların yayılması təkcə fərdi risk məsələsi deyil, sosial problemin göstəricisidir. İnsanlar bu üsula üz tutursa, deməli rəsmi maliyyə sistemləri onların ehtiyaclarını tam qarşılamır. Bu isə həm maliyyə inklüzivliyi, həm də sosial müdafiə mexanizmləri ilə bağlı suallar yaradır.
Leyla Mirzə, Bizimyol.info






