Almaniya üçün Alternativ partiyasının həmsədri Tino Çrupalla Rusiyayla dialoqu bərpa etməyə çağıraraq Avropanın strateji və iqtisadi maraqlarını əsas götürən siyasət perspektivini nümayiş etdirir. Onun mövqeyi ABŞ ilə Avropa arasındakı iqtisadi və siyasi gərginliklər, həmçinin enerji təminatı məsələləri ilə bağlıdır. Avropa liderləri Rusiyaya yumşalma siyasəti ilə həm enerji ehtiyatlarını qorumağa, həm də strateji balansı saxlamağa çalışırlar, lakin bu yanaşma NATO və daxili siyasətdə risklər yaradır. Ümumilikdə, Çrupallanın mövqeyi Avropada Rusiyanın mövcudluğunu nəzərə alaraq dialoqu qorumaq və riskləri idarə etmək pragmatizminin göstəricisidir…
Politoloq Yusif Bağırzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Almaniya üçün Alternativ partiyasının həmsədri Tino Çrupallanın Rusiya ilə danışıqların bərpa edilməsinə dair mövqeyi özündə maraqlara və qarşılıqlı faydaya əsaslanan siyasət perspektivindən çıxış edən Avropa siyasətinin bəzi tendensiyalarını əks etdirir, həmçinin Çrupallanın bu mövqeyi birbaşa Avropanın ABŞ ilə iqtisadi və siyasi münasibətlərində yaşadığı təzyiqlərlə bağlıdır.
“ABŞ və Avropa arasında mövcud olan iqtisadi və siyasi gərginliklər, enerji sahəsində ABŞ-dən qaz və LNG idxalının Avropa üçün logistika və qiymət baxımından yaratdığı çətinliklər, eləcə də ABŞ-nin mövcud hərbi və geosiyasi siyasəti Avropanın milli maraqları ilə üst-üstə düşmədiyi üçün bu cür çağırışların sayı artıb. Sanksiyalar və iqtisadi blokadalar Avropa iqtisadiyyatını müəyyən qədər yükləyib və bəzi dövlətləri alternativ yanaşmalara yönəldib. Bu kontekstdə Çrupalla və onun kimilərə görə Rusiyanın mövcudluğunu tamamilə rədd etmək əvəzinə onunla dialoqu bərpa etmək ehtiyacı ortaya çıxır. Onlar hesab edir ki, Avropa üçün bu yanaşma həm iqtisadi balans, həm də təhlükəsizlik risklərinin idarə olunması baxımından pragmatik addımdır”-deyə Yusif Bağırzadə qeyd edib.
Politoloqun fikrincə, eyni zamanda, Avropanın Rusiyaya yumşalması bir qədər enerjidən asılı praqmatizm olaraq da qiymətləndirilə bilər: “Almaniya və Fransa kimi dövlətlər Moskva ilə dialoqu qoruyaraq həm enerji ehtiyatlarını təmin etməyə, həm də strateji stabilliyi saxlamağa çalışırlar. Lakin bu siyasət müəyyən risklər daşıyır. Birincisi, ABŞ ilə Avropa arasında strateji uyğunsuzluq yaranır və NATO daxilində koordinasiya çətinləşir. İkincisi, Moskva Avropanın yumşalmasını öz maraqlarını genişləndirmək üçün istifadə edə bilər. Ən nəhayət bu yanaşma Avropa ölkələrinin daxili siyasətində Rusiyaya münasibətdə fikir ayrılıqları partiya və koalisiya qarşıdurmalarına səbəb ola bilər.
İndiki mərhələdə Çrupallanın bu mövqeyi Avropada bir qrup siyasətçinin Moskvanı Avropanın ayrılmaz bir hissəsi kimi qəbul etməsi və ABŞ-dən gələn təzyiqlərə cavab olaraq dialoqu bərpa etməyə çalışması ilə bağlıdır. Onlar üçün bu yanaşma kapitulyasiya deyil, strateji balans və risklərin idarə olunması nümunəsidir. Avropa liderləri Rusiyanın mövcudluğunu nəzərə alaraq enerji, iqtisadi və təhlükəsizlik maraqlarını ABŞ-ın geosiyasi prioritetləri ilə balanslaşdırmağa çalışırlar”.
Yusif Bağırzadə bildirib ki, Avropada bir qism siyasilərin Rusiyanın təhdidkar mövcudluğu ilə barışmağa çalışması həm ABŞ-dən gələn iqtisadi-siyasi təzyiqlərə cavab, həm də Moskva ilə dialoq imkanlarını qorumaq məqsədi ilə izah edilə bilər: “Bu siyasət riskli olsa da, Avropa liderlərinin strateji pragmatizm və iqtisadi məqbul qərar vermə motivlərini əks etdirir. Ümumiyyətlə, Avropada Rusiyaya münasibətdə yumşalma meyilləri həm transatlantik balans, həm də regional təhlükəsizlik və enerji siyasətində təhlükəsiz və iqtisadi faydaya əsaslanan yanaşmanın göstəricisidir”.
İradə Cəlil, Bizimyol.info






