“BƏƏ dünyanın ən böyük suveren sərmayə fondlarına malik ölkələrdən biri kimi, regionda uzunmüddətli və etibarlı tərəfdaş axtarışındadır. Azərbaycan isə öz növbəsində qeyri-neft sektorunun inkişafını sürətləndirmək və yeni maliyyə resursları cəlb etmək imkanlarını gücləndirməkdədir. Bu səfər, xüsusilə qeyri-neft sahələrinə yönəlmiş investisiyaların təşviqi baxımından əhəmiyyətli hesab edilə bilər. Maliyyə, logistika və texnologiya sahələrində əməkdaşlıq perspektivləri Azərbaycanın iqtisadi diversifikasiyasına dəstək verir və uzunmüddətli dayanıqlılıq üçün önəmli addım sayılır”.
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri, yalnız diplomatik münasibətlərin gücləndirilməsi kimi dəyərləndirilməməlidir: “Bu, həm də iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Son illərdə Azərbaycanla BƏƏ arasında iqtisadi əlaqələr getdikcə daha strateji və çoxşaxəli xarakter alır. Neft və qaz ənənəvi olaraq əməkdaşlığın əsas sahəsi olsa da, indi tərəflər enerji ilə məhdudlaşmayan layihələr üzərində aktiv işləyirlər. Xüsusilə bərpa olunan enerji, rəqəmsal iqtisadiyyat və infrastruktur layihələri sahəsində BƏƏ-nin investisiya maraqları artmaqdadır”.
Əli Səlimov“Azərbaycan, Orta Dəhliz üzərindən Avropa ilə Asiyanı birləşdirən strateji tranzit rolunu gücləndirir, bu da geoiqtisadi baxımdan öz əhəmiyyəti daha da artırır. Beləliklə, iki ölkə arasında əlaqələr yalnız maliyyə və investisiya müstəvisində deyil, həm də regional iqtisadi inteqrasiyanın möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır.
Dünya maliyyə və enerji bazarlarında qeyri-müəyyənliklərin artdığı bir dövrdə Azərbaycan stabil və proqnozlaşdırıla bilən iqtisadi siyasət aparan ölkə kimi diqqət çəkir. Bu, BƏƏ kimi rasional investorlar üçün əlavə üstünlükdür. Həmçinin, belə səfərlər vasitəsilə Azərbaycan beynəlxalq iqtisadi arenada mövqeyini daha da gücləndirir, həm regional, həm də beynəlxalq investorların diqqətini cəlb edir”-deyə iqtisadçı bildirib.
“Prezident İlham Əliyevin BƏƏ-yə səfəri iqtisadi əməkdaşlığın genişlənməsi baxımından uzunmüddətli perspektivdə real nəticələr verəcək. Enerji xaricindəki sahələrdəki potensialın reallaşdırılması, investisiya axınının təşviqi və tranzit imkanlarının gücləndirilməsi Azərbaycanın iqtisadi inkişaf strategiyasına uyğun addımlar hesab olunur. Bu baxımdan, səfər həm strateji, həm də iqtisadi baxımdan önəmli bir hadisədir və regionda iqtisadi əməkdaşlığın yeni səviyyəyə çatmasına zəmin yaradır”-deyə Əli Səlimov qeyd edib.
İradə Cəlil, Bizimyol.info






