Elon Musk Davos İqtisadi Forumunda bildirib ki, süni intellekt dövrünü elektriki ən ucuz və çox istehsal edənlər qazanacaq. Süni intellekt və data mərkəzləri enerji tələbatını kəskin artırır və bu, ölkələr arasında yeni enerji əsaslı rəqabət yaradır. Musk-ın modeli günəş enerjisi, enerji saxlama və güclü infrastruktur üzərində qurulub. Enerji baxımından zəngin olan və bu sahəyə ciddi investisiya qoyan Azərbaycan üçün Süni İntellekt dövründə önə çıxmaq real imkan yaradır.
- Azərbaycan süni intellekt üçün regional mərkəz ola bilərmi?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan İKT İnformasiya Mərkəzinin direktou Fərid Kazımov bildirib ki, İlon Mask yaxın illərdə elektrik enerjisinə çox böyük tələbat yaranacağını demək istəyir: “Bu tələbat təkcə süni intellekt və data mərkəzləri ilə bağlı deyil, eyni zamanda elektrik avtomobillərinin geniş yayılması və rəqəmsallaşmanın sürətlənməsi ilə də əlaqəlidir.
Süni intellektdən istifadə zamanı tələb olunan hesablama gücü böyük həcmdə enerji sərf edir. Data mərkəzləri, serverlər, milyonlarla cihaz və sensorlar fasiləsiz işlədiyi üçün elektrik enerjisi artıq strateji resursa çevrilir. Bu kontekstdə Azərbaycanın enerji strategiyasını vaxtında və düzgün müəyyən etməsi ölkəyə real rəqabət üstünlüyü qazandıra bilər. Azərbaycan artıq bu sahədə erkən mövqe tutan ölkələr sırasındadır. Bu isə gələcəkdə elektrik enerjisini regional və qlobal bazarlara daha yüksək marja ilə satmaq imkanı yarada bilər. Çünki bu elektrik enerjisinə tələbat artacaq və tələbat artdıqda onun qiyməti də yüksəlir.
Azərbaycan istehsalçı kimi bazarlara çıxa bilsə, bu, ölkənin gəlirliliyini əhəmiyyətli dərəcədə artıra bilər. Bu yanaşma artıq iri korporasiyalar tərəfindən də qəbul olunub. Məsələn, 2015-2016-cı illərdə “BP” şirkəti strateji olaraq özünü yalnız neft-qaz şirkəti deyil, energetika şirkəti kimi tanımlamağa başladı. Çünki qlobal miqyasda başa düşüldü ki, gələcək elektrik enerjisi üzərində qurulacaq.
Azərbaycan rəhbərliyi də dəfələrlə bəyan edib ki, ölkə energetika sektorunu inkişaf etdirəcək, elektrik enerjisi istehsal edib xaricə ixrac edəcək. Bu baxımdan demək olar ki, Azərbaycan bu strateji trendi vaxtında düzgün tuta bilmişik”.
Fərid Kazımov qeyd edib ki, trendləri vaxtında müəyyən edib, strategiyanı ona uyğun quran ölkələr qalib gəlir: “Elektrik enerjisinin kifayət edib-etməməsi ilə bağlı maraqlı bir fakt da var. Bir neçə il əvvəl ABŞ-da aparılan araşdırmaya əsasən müəyyən olunub ki, əgər amerikalılar qısa müddətdə mövcud avtomobillərini tam şəkildə elektrik avtomobilləri ilə əvəz etsələr, hətta ABŞ kimi güclü iqtisadiyyata malik ölkədə belə istehsal olunan elektrik enerjisi bu tələbatı qarşılamağa yetməz. Bu fakt enerji tələbatının nə qədər sürətlə artdığını açıq şəkildə göstərir. Elon Musk-ın mesajı da məhz budur: elektrik enerjisi yeni “neft”ə çevrilir. Əgər əvvəllər insanlıq daha çox analoq cəmiyyətdə yaşayırdısa, bu gün tam şəkildə rəqəmsal cəmiyyətə keçmişik. Rəqəmsal cəmiyyət isə milyardlarla cihazın, data mərkəzinin və süni intellekt sisteminin işləməsi üçün böyük həcmdə enerji tələb edir.
Tarixə baxdıqda görürük ki, resurslar uğrunda mübarizələr həmişə olub: qızıl, duz, su uğrunda müharibələr aparılıb. Gələcəkdə isə bu mübarizələrin elektrik enerjisi mənbələri üzərində baş verməsi ehtimalı da istisna deyil.
Əsas məsələ ondan ibarətdir ki, iqtisadiyyatın strukturu dəyişir. Bu dəyişiklik bəzi ölkələr üçün ağrılı, bəziləri üçün isə böyük imkanlar yarada bilər. Vaxtında düzgün trendi anlayan ölkələr irəli çıxacaq. Tarixdə bunun nümunələri çoxdur: Böyük Britaniya XVIII-XIX əsrlərdə sənayeləşmənin əhəmiyyətini vaxtında dərk etdi və nəticədə qlobal hegemon gücə çevrildi. Hollandiya gəmiçilik və ticarət texnologiyalarını düzgün dəyərləndirərək dünyada güclü mövqe qazandı.
Bu gün texnologiya fərqlidir, amma məntiq eynidir. Trendləri vaxtında müəyyən edib, strategiyanı ona uyğun quran ölkələr qalib gəlir. Bu baxımdan Elon Musk-ın dedikləri ilə tam razıyam: elektrik enerjisi yaxın onilliklərin ən vacib strateji resurslarından biri olacaq.
Bunu son 10-15 ildə kriptovalyuta istehsalında da gördük. Bitcoin istehsalında əsas məsələ kompüter qurmaq deyil, ucuz elektrik enerjisinə çıxış idi. Kimdə enerji ucuz idisə, o daha sərfəli şəkildə bu sahədə üstünlük qazandı.
Bütün bunlar onu göstərir ki, dünya bir neçə əsas “dayaq sütunu” üzərində formalaşır və bu sütunlardan biri yaxın gələcəkdə elektrik enerjisi olacaq. Deyim var ki, 3 balina üzərinə qurulan bir dünya- həmin o balinalardan biri elektrik enerjisi olacaqdır. Bu, son dərəcə vacib və strateji elementdir”.
Günel Həsənova, Bizimyol.info






