Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Böyük texnoloji şirkətlərin Azərbaycanda data mərkəzi qurması, ölkə rəhbərliyi səviyyəsində qərar verilən bir məsələdir”
“Böyük texnoloji şirkətlərin Azərbaycanda data mərkəzi qurması, ölkə rəhbərliyi səviyyəsində qərar verilən bir məsələdir”

Davos İqtisadi Forumunun bağlanış tədbirində çıxış edən Elon Musk mühüm bir etiraf səsləndirib. “Süni intellekt insanı keçəcəkmi?” narahatlığı ətrafında gedən müzakirələrə toxunan Musk bildirib ki, “süni intellekt dövrünü qazananlar elektriki ən çox və ən ucuz istehsal edənlər olacaq”. Yeni nəsil süni intellekt texnologiyaları ölkələr arasında enerji əsaslı rəqabət yaradacaq. Məlumat mərkəzlərinə tələbat sürətlə artır və mövcud elektrik infrastrukturu bu tempdə süni intellektin böyüməsini daşımaqda çətinlik çəkir.

Muskın təklif etdiyi modeli: Günəş enerjisi + batareyalar vasitəsilə enerji saxlama + güclü enerji infrastrukturu. Azərbaycan regionun enerji baxımından ən zəngin ölkələrindən biridir. Enerji infrastrukturuna iri həcmli investisiyalar qoyulur. Demək ki, Azərbaycanın Süni intellekt dövrünün qazananları sırasında yer alma ehtimalı yüksəkdir.

  • Azərbaycan süni intellekt texnologiyaları üçün regionda əsas mərkəzə çevrilə bilərmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan İKT mütəxəssisi Fərhad Mirəliyev bildirib ki, belə layihələrdə enerji sərfiyyatı və soyutma üçün tələb olunan su miqdarı böyükdür: “Buradakı əsas məqam odur ki, bütün data sensorlar və süni intellektin neyron şəbəkəsi kimi inteqral sxemlər birinci növbədə enerji, ikinci növbədə isə soyutma tələb edir. Bu səbəbdən tez-tez ekoloji aktivistlərin çıxışları ilə rastlaşırıq; onlar bu məsələyə qarşı çıxırlar, çünki enerji istehlakı və soyutma üçün ölkənin su ehtiyatları sərf oluna bilər. Yəni bu, ekoloji aktivistlərin həssas mövzularından biridir.

Ümumilikdə, məsələn, böyük texnoloji şirkətlərin (Google-dan başlayaraq Çin və digər ölkələrin süni intellekt data mərkəzlərinə qədər) Azərbaycanda data mərkəzi qurması, ölkə rəhbərliyi səviyyəsində qərar verilən bir məsələdir. Çünki belə layihələrdə enerji sərfiyyatı və soyutma üçün tələb olunan su miqdarı böyükdür. Azərbaycanın enerji və su ehtiyatları bu cür layihələri dəstəkləmək üçün kifayət qədərdir. Biz xaricə, xüsusən Avropa ölkələrinə təbii ehtiyatlarımızı satırıq və həmçinin BƏƏ ilə birgə yaşıl enerji layihələri icra olunur. Enerji baxımından ciddi problem gözlənilmir. Burada əsas məsələ, siyasi qərarların verilməsi və icazələrin alınmasıdır”.

Fərhad Mirəliyev Fərhad Mirəliyev

“Digər bir məsələ soyutma sistemi ilə bağlıdır. Bunun dəqiq ölçüsünü demək çətindir, çünki datasentrin miqyası, ərazi tutumu və soyutma üçün lazım olan su miqdarı layihədən asılıdır. Məsələn, isti bölgədə soyutma üçün daha çox enerji və su tələb olunur, soyuq bölgədə isə bu ehtiyac daha azdır, yəni burda texniki şərtdə nələr istənilir? Nə şərtlər qoyulub? Resurslar hansı həcmdə olmalıdır?

Bu səbəbdən texniki baxımdan datasentrin tələbləri, resurs istifadəsi və texniki şərtləri dəqiqliklə müəyyən edilməlidir. Əgər texniki şərtlər uyğun olarsa, qalan məsələ artıq siyasi qərardır. Məsələn; bir neçə ay əvvəl oxumuşam ki, "Nvidia" şirkəti Ermənistana yarım milyon dollarlıq investisiya yatırıb və orada datasentr qurub. Bu da o deməkdir ki, həmin ərazinin texniki tələbləri və resursları bu layihəyə uyğun olub. Mən düşünürəm ki, Azərbaycan da texniki baxımdan uyğun ola bilər”-deyə Fərhad Mirəliyev qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »