“Beynəlxalq iqtisadi müzakirələrdə milli valyutalarla ticarət ideyası aktuallıq qazanıb. Bu proses çox zaman dollar hegemonluğuna qarşı mübarizə, maliyyə suverenliyinin gücləndirilməsi və daha ədalətli qlobal sistem axtarışı kimi təqdim olunur. Lakin bu narrativin arxasında daha mürəkkəb və riskli bir reallıq dayanır. Milli valyutalarla ticarət qlobal maliyyə sistemində sabitlik yaratmaqdan daha çox, onu geoiqtisadi xətlər üzrə parçalama potensialına malikdir. Ən əsası isə bu prosesin əsas yükünü böyük dövlətlər yox, kiçik və orta dövlətlər daşıyır”.
Dedollarlaşma adlandırılan tendensiya ilk növbədə iri iqtisadi və siyasi aktorların maraqlarına cavab verir. ABŞ-ın maliyyə sanksiyalarını genişləndirməsi, dollar əsaslı ödəniş sistemlərini geosiyasi alətə çevirməsi bəzi ölkələri alternativ mexanizmlər axtarmağa sövq edib. Çin, Rusiya və bir sıra regional güclər milli valyutalarla ticarəti strateji seçim kimi irəli sürürlər. Lakin burada vacib sual yaranır, bu strategiya qlobal sistem üçünmü nəzərdə tutulub, yoxsa yalnız müəyyən güc mərkəzlərinin manevr imkanlarını artırmaq üçündür?
İqtisadçı Əli Səlimov Bizimyol.info xəbərportalına açıqlamasında bildirib ki, böyük iqtisadiyyatlar üçün milli valyutalarla ticarət müəyyən mənada işlək mexanizm ola bilər: “Geniş daxili bazar, yüksək ticarət həcmi, alternativ maliyyə institutları və siyasi təsir imkanları bu ölkələrə valyuta risklərini kompensasiya etməyə şərait yaradır. Kiçik və orta dövlətlər isə tamamilə fərqli reallıqda fəaliyyət göstərir. Onların valyutaları qlobal miqyasda etibar qazanmamışdır, maliyyə bazarları dayazdır və kapital axınlarına qarşı həssasdır. Bu ölkələr üçün milli valyuta ilə ticarət çox zaman iqtisadi suverenlik deyil, əlavə qeyri-sabitlik deməkdir və geoiqtisadi parçalanma riski məhz bu nöqtədə ortaya çıxır. Dolların mərkəzi rolunun zəifləməsi vahid alternativin yaranması ilə müşayiət olunmur. Əvəzində dünya iqtisadiyyatı bir neçə regional və siyasi mərkəz ətrafında formalaşan paralel sistemlərə bölünür”.
Əli Səlimov“Qərb maliyyə arxitekturası, Çin mərkəzli regional mexanizmlər və müxtəlif ikitərəfli valyuta razılaşmaları eyni anda mövcud olur. Bu daqlobal ticarətin vahid qaydalar üzərində deyil, blok maraqları əsasında qurulmasına gətirib çıxarır. Belə bir şəraitdə isə milli valyutalarla ticarət neytral iqtisadi mexanizm olmaqdan çıxaraq, geosiyasi seçimə çevrilir. Hansı valyuta ilə ticarət aparmaq artıq bazar səmərəliliyindən çox, siyasi mövqeni əks etdirir”-deyə iqtisadçı Əli Səlimov qeyd edib.
İqtisadçının fikrincə, dollar asılılığından çıxmaq cəhdi yeni valyuta hegemonluqları ilə əvəz oluna bilər ki, bu da real seçim azadlığını məhdudlaşdırır.
“Milli valyutalarla ticarət qlobal maliyyə sistemini daha ədalətli və sabit etmir. Əksinə, bu proses düzgün institusional çərçivə olmadan həyata keçirilərsə, geoiqtisadi parçalanmanı sürətləndirir və ən həssas aktorları daha böyük risklərlə üz-üzə qoyur. Problem dolların mövcudluğunda deyil, qlobal sistemin alternativsizliyində idi. Əsl sual hansı valyuta ilə ticarət aparmaq deyil, hansı qaydalarla və hansı etimad mexanizmləri ilə beynəlxalq iqtisadiyyatın idarə olunacağıdır. Bu sual cavabsız qaldıqca, valyuta dəyişsə də, risk dəyişməyəcək”-deyə Əli Səlimov bildirib.
İradə Cəlil, Bizimyol.info






