Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən ilin yekunları və 2026-cı ilin hədəfləri müzakirə olunub
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən ilin yekunları və 2026-cı ilin hədəfləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən il ərzində görülmüş işlər və 2026-cı il üçün qarşıya qoyulan hədəflərə həsr olunmuş mətbuat konfransı keçirilib.

Bizimyol.info xəbər verir ki, tədbirdə həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Mərkəzin direktoru Elnarə Ənsari bildirib ki, ölkədə aparılan sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və əhalinin sosial təminatının gücləndirilməsi, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Onun sözlərinə görə, Mərkəzin fəaliyyəti inklüzivlik və sosial ədalət prinsiplərinə əsaslanan cəmiyyətin formalaşdırılması yolunda atılan mühüm addımlardan biridir.

Qeyd olunub ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 2021-ci ildən fəaliyyət göstərir və açılış mərasimində Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva iştirak ediblər. Mərkəz Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb və həssas qruplardan olan şəxslərin bacarıqlarının üzə çıxarılması, inkişaf etdirilməsi, tanıdılması və məşğulluq imkanlarının artırılmasını hədəfləyir.

Hazırda Mərkəz və onun filiallarında ümumilikdə 292 benefisiar xidmətlərdən yararlanır. Onlardan 175 nəfər Mərkəzdə, 71 nəfər Qarabağ “DOST Evi” şöbəsində, 46 nəfər isə İsmayıllı “DOST Evi” filialında fəaliyyət göstərir. Ötən il təlimləri uğurla başa vuran 166 nəfərə sertifikat təqdim edilib.

Mətbuat konfransı çərçivəsində Mərkəzdə hazırlanan əl işlərinin satışını həyata keçirəcək dostart.az onlayn portalının da təqdimatı olub. Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktlarına əsasən, Mərkəzin benefisiarları olan əlilliyi olan şəxslərin bu platforma üzərindən əldə etdikləri gəlirlərə vergi güzəştləri tətbiq olunacaq. Belə ki, həmin şəxslərin gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı tutulmayacaq, yalnız ödəmə mənbəyində 2 faiz vergi tutulması nəzərdə tutulur.

Qeyd edilib ki, portal vasitəsilə həssas qruplara aid şəxslərin əl işləri vahid onlayn platforma üzərindən daha geniş auditoriyaya təqdim olunacaq və bu, onların özünüməşğulluq imkanlarının genişlənməsinə şərait yaradacaq.

Hazırda dostart.az portalında 250-yə yaxın əl işi yerləşdirilib, məlumatlar Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Platformada görmə məhdudiyyətli və disleksiyadan əziyyət çəkən şəxslər üçün xüsusi “Müyəssərlik menyusu” da quraşdırılıb.

Pilot layihənin 1 il müddətində həyata keçirilməsi planlaşdırılır. Gələcəkdə platformanın əhatə dairəsinin genişləndirilməsi və ölkə üzrə digər həssas qrupların da layihəyə cəlb olunması nəzərdə tutulur.

Bildirilib ki, layihənin dizayn və proqram təminatı DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilib, texniki dəstək və ödəniş həlləri isə “CIBPAY” MMC və “CIB BUSINESS” MMC tərəfindən təmin olunur.

Konfransda, həmçinin, Mərkəzin ölkə daxilində və beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər və 2026-cı ilin hədəfləri barədə məlumat verilib, media nümayəndələrinin sualları cavablandırılıb

Son xəbərlər
Bütün xəbərlər »