Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan son illərdə həyata keçirdiyi iri miqyaslı layihələrlə regionda etibarlılıq və davamlılıq modeli formalaşdırmağa çalışır"
"Azərbaycan son illərdə həyata keçirdiyi iri miqyaslı layihələrlə regionda etibarlılıq və davamlılıq modeli formalaşdırmağa çalışır"

Beynəlxalq sistem son illərdə klassik geosiyasi qarşıdurmaların yaratdığı qeyri-sabitlikdən daha rasional, iqtisadi maraqlara əsaslanan geoiqtisadi mərhələyə keçid edir. Böyük güclər arasında rəqabət davam etsə də, bu rəqabətin əsas alətləri artıq hərbi və siyasi təzyiqlərdən çox, enerji resursları, nəqliyyat marşrutları, ticarət əlaqələri və investisiya axınları üzərindən formalaşır. Bu transformasiya Cənubi Qafqaz kimi strateji coğrafiyalarda xüsusilə aydın hiss olunur və regionun beynəlxalq sistemdəki rolunu keyfiyyətcə dəyişir.

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Cənubi Qafqaz uzun müddət əsasən geosiyasi maraqların toqquşma zonası kimi qəbul olunurdu, lakin qlobal tədarük zəncirlərinin yenidən qurulduğu, enerji təhlükəsizliyinin ön plana çıxdığı və alternativ nəqliyyat dəhlizlərinə tələbatın artdığı bir dövrdə regionun geoiqtisadi əhəmiyyəti sürətlə yüksəlir. Bu proses region ölkələrinin rolunu yalnız siyasi mövqelərlə deyil, konkret iqtisadi funksiyalarla müəyyənləşdirir.

Əli Səlimov Əli Səlimov

“Bu yeni mərhələdə Azərbaycan əsas geoiqtisadi aktorlardan biri kimi çıxış edir. Ölkənin enerji ixracı sahəsində formalaşdırdığı infrastruktur və tərəfdaşlıq modeli artıq regional çərçivəni aşaraq Avropa miqyaslı təhlükəsizlik məsələsinin tərkib hissəsinə çevrilib. Təbii qaz ixracının olduğu ölkələrin əhəmiyyətli hissəsinin Avropa İttifaqı üzvü olması Azərbaycanın enerji bazarında sistemli və etibarlı tərəfdaş statusunu möhkəmləndirib”-deyən iqtisadçı bildirib ki, bu fakt geosiyasi risklərin yüksək olduğu bir dövrdə enerji təminatının proqnozlaşdırıla bilməsinin nə qədər vacib olduğunu bir daha göstərir.

“Geoiqtisadi transformasiyanın digər mühüm elementi nəqliyyat və logistika marşrutlarıdır”-deyən Əli Səlimovun fikrincə, beynəlxalq ticarətin Asiya-Avropa xətti üzrə yenidən balanslaşması Orta Dəhlizi alternativ yox, zəruri marşruta çevirib: “Azərbaycan bu dəhlizin mərkəzində yerləşməklə təkcə tranzit ölkə deyil, regionun logistika qovşağı funksiyasını yerinə yetirir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və artan yükdaşımalar regionun iqtisadi xəritəsində Azərbaycanın rolunu daha da gücləndirir. İnfrastrukturun keyfiyyəti, tranzit təhlükəsizliyi, müqavilə öhdəliklərinə sadiqlik və institusional sabitlik əsas rəqabət meyarlarına çevrilir. Bu baxımdan Azərbaycan son illərdə həyata keçirdiyi iri miqyaslı layihələrlə regionda etibarlılıq və davamlılıq modeli formalaşdırmağa çalışır”.

İqtisadçının fikrincə, Cənubi Qafqazda geoiqtisadi mərhələnin formalaşması regional əməkdaşlığın mahiyyətini də dəyişir: “Rəqabət tamamilə aradan qalxmır, lakin bu rəqabət daha çox iqtisadi effektivlik və marşrut üstünlüyü üzərindən aparılır. Regionun beynəlxalq iqtisadi sistemə inteqrasiyası dərinləşdikcə, münaqişə riskləri iqtisadi itkilərlə ölçülməyə başlayır. Bu isə uzunmüddətli perspektivdə sabitliyin qorunması üçün əlavə stimul yaradır. Azərbaycanın bu transformasiyada oynadığı rol göstərir ki, geoiqtisadi düşüncə tərzi artıq ölkənin xarici və iqtisadi siyasətinin ayrılmaz hissəsinə çevrilib. Bu isə həm regional sabitlik, həm də uzunmüddətli iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır”-deyə iqtisadçı bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »