Trampın Venesuelaya müdaxiləsi, müşahidəçilərin onu "çılpaq imperializm" adlandırdığına görə, ABŞ-ın əvvəlki aqressiv xarici siyasət formasına qayıdış deməkdir. Amerika qitəsindəki əksər ölkələr şimaldakı güclü qonşularının müdaxiləsindən əziyyət çəkib və bir qayda olaraq, bundan daha pis vəziyyətdə olublar. ABŞ-nin Venesuelanı bombalaması və prezidenti Nikolas Maduronun ələ keçirilməsi, son iki əsrdə Cənubi və Mərkəzi Amerikada və Karib dənizində uzun bir müdaxilə tarixini davam etdirir. Lakin onlar həm də görünməmiş bir anı qeyd edirlər, çünki bu, ABŞ-ın Cənubi Amerika ölkəsinə ilk birbaşa hərbi hücumudur. Maduronun tutulmasından sonra keçirilən mətbuat konfransında Donald Tramp "Amerikanın Qərb yarımkürəsindəki dominantlığı bir daha heç vaxt şübhə altına alınmayacaq" deyə bəyan etdi. Lakin 19-cu əsrin ortalarından bəri ABŞ qitə qonşularının işlərinə təkcə iqtisadi təzyiqlə deyil, həm də hərbi yolla müdaxilə edərək uzun bir işğal və mövcud vəziyyətə ən çox bənzər bir halda, 1989-cu ildə Panama prezidenti Manuel Norieqanın tutulması ilə müdaxilə edib. Gizli hərəkətlər demokratik yolla seçilmiş hökumətləri devirməyə və Braziliya, Çili və Argentina kimi ölkələrdə hərbi diktaturaların qurulmasına kömək edib, lakin ABŞ-nin açıq hərbi əməliyyatları tarixən Mərkəzi Amerika və Karib dənizindəki daha yaxın qonşularla məhdudlaşıb.
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Cənubi Amerikada bir sıra hakimiyyət dəyişikliklərinin baş verməsində Amerikanın rolu olub: “Məsələn, 1973-cü ildə Çili prezidenti Salvador Aliyend Avqusto Pinoçet tərəfindən devrilib. Düzdür, açıq olmasa da, əslində Amerika kəşfiyyatının və müəyyən xidmətlərin burada rolu olması və gizli şəkildə iştirakı barədə məlumatlar var. Eyni zamanda, 1989-cu ildə Panama prezidenti Monuel Noriega da Amerika tərəfindən həbs edilib. O da bir sıra məsələlərdə ittiham olunaraq gətirilib. Amerikada mühakimə olunub və həbs edilib. 2026-cı ildə isə Nikolas Maduro həbs edildi. Maduronun həbsinin səbəbləri çoxdur.
Əvvəla Venesuela 1998-ci ilə qədər Amerikanın nüfuz dairəsində olan bir dövlət idi. Onun neft ehtiyatlarının istismar olunmasında Amerika önəmli rol alırdı. Amma Huqo Çavez 1998-ci ildə prezident seçiləndən sonra ölkənin inkişaf istiqamətini dəyişdi. Venesuelada neft milliləşdirildi, Amerika şirkətləri ölkədən çıxarıldı, Amerikanın iqtisadi maraqlarına ciddi zərbə vuruldu”.
Əli MustafaƏli Mustafa qeyd edib ki, Venesuela Çinlə ciddi əməkdaşlıq edir. Politoloq hesab edir ki, Venesuelada neft istehsalı ciddi şəkildə zəifləyib: “Əgər 1997-ci ildə burada istehsal olunan neft gündəlik hardasa 3,5 milyon barelə çatırdısa, indi buradakı neft istehsalının həcmi hardasa gündəlik 300min bareldir. Bu neftin əhəmiyyətli bir hissəsi, ucuz qiymətə 25-28 dollara Çinə satılır. Baxmayaraq ki, dünyada neftin qiyməti, məsələn, brend nefti hardasa 65 dollar dəyərində qiymətləndirilir, Qalan hissə isə Kubaya satılır. Maduronun həyata keçridiyi siyasət Amerikanın maraqlaırna uyğun deyildi. Yəni onun Çinlə əməkdaşlıq etməsi, nefti Çinə satması, həm də ucuz qiymətə satması, eyni zamanda Amerikanın bir sıra həyati maraqlarına cavab verməməsi və Trampın da dediyi kimi Amerikaya gətirilən narkotikin əhəmiyyətli bir hissəsinin Venesuela üzərindən gətirilməsi və s. barədə ittihamlar var idi. Bu kimi hadisələr bir gündə baş vermir. Xeyli müddətdir Maduronun ətrafında ictimai rəy hazırlanırdı və bir neçə vaxtdır ümumiyyətlə, Venesuela ABŞ tərəfindən mühasirəyə alınmışdı. Yəni bu, gözlənilən bir hadisə idi”.
“Öncə törədilən hadisələrlə indiki hadisəni müqayisə edə bilərik. Bütün hallarda Amerika özünün həyati maraqlarından çıxış edib. Açıq və gizli şəkildə ABŞ həmişə Monro doktrinasına sadiq qalıb. ABŞ hesab edir ki, ümumiyyətlə Amerika qitəsi onun maraq dairəsidir. Burada digər dövlətlərin - Rusiyanın və Çinin fəallığı ABŞ-yə xoş gəlmir. Amerika dövlət katibi Rubionun açıqlamasına görə, onlar Maduroya çoxlu əlverişli təkliflər təqdim ediblər. Amma sabiq prezident bunların heç birini ciddiyə almayıb və müqavimət göstərməkdə davam edib. Buna görə də ABŞ onu həbs edib. Burada Amerikanın halazırda həm geopolitik maraqları, həm iqtisadi maraqları, həm də siyasi maraqları bu həbsi şərtləndirir.
Eyni zamanda həm də yeni, çoxqütblü bir dünya qurulur. Amerika daha çox Amerika qitəsində bir növ güclü bir qütbə çevrilmək iddiasındadır və orada Çinin, Rusiyanın və digər dövlətlərin maraqlarına xidməət edən dövlətlərə də yəqin ki, bu addımlarını bu cür yanaşmasını davam etdirəcək. Konkret olaraq Amerikanın Qərb yarımkürəsini gücləndirməyə çalışırlar. Yəni siyasət budur”-deyə politoloq bildirib.
Əli Mustafanın fikrincə, əvvəlki siyasətlərdə səbəblər bəzən oxşar, bəzən fərqli olub, yəni 60-70-ci illərdə baş verən müdaxilələrdə səbəblər müxtəlif olub: “Bu gün konkret olaraq Tramp Amerika qitəsinə tək hakim olmaq istəyir və yəqin ki, gələcəkdə digər dövlətlərə də, hansı ki, Çinin təsiri ciddidir. Biz Amerikanın müdaxiləsini müşahidə edə bilərik.
Eyni zamanda son zamanlar Qrenlandiya ilə bağlı ABŞ-nin ritorikası kəskinləşib. ABŞ Qrenlandiyanı da öz nüfuz dairəsinə daxil etməyə çalışacaq. Kubaya qarşı da eyni davranışların sərgilənəcəyinin mümkün görünür. Ola bilər ki, Kubada da hakimiyyət dəyişikliyi olsun”.
Əli Mustafa qeyd edib ki, son əməliyyat ABŞ-nin yeni, çoxqütblü dünyaya doğru irəliləyişi ilə bağlı verdiyi qərardır və bu qərar beynəlxalq hüquqa uyğun olmasa da, Amerikanın siyasi maraqlarına uyğundur: “Yəni Tramp bu çoxqütblü dünyanın bir qütbü kimi özünün geopolitik maraqlarını müdafiə edən addımlar atır”.
İradə Cəlil, Bizimyol.info






