“İranda Məsud Pezeşkianın istefasının tələb olunması son aylarda mediada daha çox gündəmə gəlib. Eyni halda da parlament üzvləri və onun sədrini də impiçmentlə təhdid edirlər. Digər tərəfdən bir sıra radikal mühafizəkar qruplar ki, Məsud Pezeşkianı ümumiyyətlə xəyanətdə suçlayırlar. Hətta onu İsrail casusu olmaqda da ittiham edirlər. İddia edirlər ki, əllərində ciddi sənədlər var və bu sənədlər sübut edir ki, Məsud Pezeşkian birbaşa İsrailin maraqları çərçivəsində siyasət aparır. Guya İsrail istəyir ki, ölkə daxilində narazılıqlar artsın və bu narazılıqlar ciddi kütləvi etirazlar səviyyəsinə çıxsın. Birbaşa siyasi rejimə qarşı kütləvi iğtişaşlar və yaxud etirazlar alovlansın. İddia edirlər ki, guya Pezeşkianın da apardığı siyasət bu istiqamətdədir. Onların dediyinə görə, Pezeşkian bütün çıxışlarında ölkəni zəif göstərir, ölkədə çatışmamazlıqları dilə gətirir. Ölkədə yoxsulluq həddinin nə qədər böyük faciələr, törətdiyi, inflyasiyanın nə qədər böyük faciələr törətdiyi haqqında danışır. Bununla da birbaşa İsrailin maraqlarına xidmət etmiş olur”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəylinin fikrincə, bütün bunların hamısını götürəndə görünən odur ki, İran İnqilab Keşikçiləri Ordusu və ya qısaca "SEPAH" və Seyyid Əli Hüseyni Xameneinin komandasına bağlı qruplar, ümumiyyətlə Pezeşkianın öncədən irəli sürdüyü şüarlara qarşıdırlar.
Sadiq İsabəyli“O şüarlarında daha çox ifadə edirdi ki, “biz öz vətəndaşlarımıza sədaqətli olmalıyıq, vətəndaşlarla problemləri açıq danışmalıyıq, vətəndaşları bu problemlərin həllinə yardım etmələri üçün səfərbər etməliyik və onların iştirakını təmin etməliyik. Və bizim ölkənin gələcəyində, onun daxili və xarici siyasətində aparılan islahatlar əsas rol oynayır və bu islahatlar həyata keçirilməlidir”. Son aylarda geyim azadlığı ilə bağlı bir sıra məhdudiyyətlərin aradan qaldırılması məsələsində Pezeşkianın rolunu gördünüz. Ona çox basqı etdilər ki, parlamentin qəbul etdiyi qanun layihəsini icra etməlisən. Pezeşkian da məsələni Ali Milli Təhlükəsizlik Şurasına götürdü və ona nail oldu ki, qanun layihəsi hələlik dayandırılsın və hicaba qoyulan məhdudiyyətlərin icrası həyata keçirilməsin. Çünki onun icrası böyük fəlakətlərə gətirib çıxaracaqdı. Parlamentdə olan qrupların əsas məqsədi o idi ki, məhdudiyyətlər daha da artırılsın və bunun nəticəsində vətəndaşlara çatdırılsın ki, "Pezeşkian heç də verdiyi vədlərə sadiq bir adam deyil, verdiyi vədləri həyata keçriə biləcək gücə sahib deyil və o siyasi güc bəlli cərəyanın kontrolu da onlardadır". Amma ölkənin ictimai-siyasi vəziyyəti imkan vermədi ki, onlar planlarını həyata keçirsinlər və vətəndaşlar da "əgər bir iş görə bilməyəcəkdisə, niyə bizə vəd verirdin ki, hər şey yaxşı olacaq?" ittihamı ilə Məsud Pezeşkianı günahlandırsınlar”-deyə Sadiq İsabəyli qeyd edib.
Sadiq İsabəylinin fikrincə, hazırda İranda çox ciddi inflyasiya var, yoxsulluq həddi əhalinin 70 faiz dən çoxunu əhatə edir, gəlirlərin səviyyəsi azalıb: “İranın valyutasının dəyəri getdikcə aşağı düşür. Artıq demək olar ki, İranın Rialı “Venesuela sindromu” yaşayır. Əhali gündəlik həyatda məişət üçün istifadə edə biləcəkləri hətta ərzaq məhsullarını belə almaqda çətinlik çəkirlər. Düyü, ət və s. bu kimi məhsullardan istifadə o qədər çətinləşib ki, insanlar onu kreditlə almaq məcbur qalırlar və bir çox hallarda imkanları yetmir ki, kreditlə alınan ətin pulunu ödəyə bilsinlər. Hətta bir müddət əvvəl ərzaq təminatı ilə bağlı olan nazirliklərdən biri demişdi ki, “əhali əgər düyü almaqda çətinlik çəkirsə, düyü bahalaşıbsa, o zaman arpa yesinlər”. Bu da sosial mediada böyük bir narazılığa və etirazlara səbəb oldu. İnsanlar deyirdi ki, “əgər bir hakimiyyət vətəndaşların ərzaq təhlükəsizliyini təmin edə bilmirsə, o zaman nədən danışırlar. Normal bir xarici siyasət yürüdülmür, daxili islahatların aparılmasında sürətli iş aparılmır və xaricdən təzyiqlərin azaldılması üçün edilən diplomatik səylər niyə geri çevirilir?”
Amerika Birləşmiş Ştatları dəfələrlə İrandan tələb edib ki, “oturaq müzakirələrlə bütün məsələləri həll edə bilərik, o şərtlə ki, siz nüvə silahının əldə olunması ilə bağlı cəhdlərinizə, uzaq mənzilli raketlərin istehsalına son qoyasınız. Qonşularla və ümumiyyətlə bölgə ölkələri ilə normal münasibətlər qurasınız və terror fəaliyyətlərinizdən əl çəkəsiniz, terrorçu qrupları dəstəkləməyəsiniz və onlara maddi yardım göstərməyəsəniz. Siz bunları həyata keçirsəniz, biz normal şəkildə münasibətlərin qurulmasına hazırıq və istəyirik ki, siz normal dünyada olan dövlətlər sırasında yer alasınız. Bu sözlər Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın dediyi sözlərdir, həm də Avropa tərəfindən irəli sürülən təkliflərdir. Amma Seyyid Əli Hüseyni Xamenei və mühafizəkar ideoloji qruplar, o cümlədən İran İnqilab Keşikçiləri Ordusu bunu qəbul etmirlər. Çünki onlar düşünür ki, "əgər bu təkliflərlə razılaşsaq, demək ki, ilk öncə o ideologiyamızdan, dini ideologiyalarından geri çəkilmə anlamına gəlir". Biz bilirik ki, onların şəriət əsasında formalaşdırdıqları fars şiəçilik əsasında formalaşdıqları ideologiyanın dinlə İslamla heç bir əlaqəsi yoxdur. Hər halda, o cür ifadə edirlər və deyirlər ki, "əgər biz bundan geri çəkilsək, bu anlama gəlir ki, artıq bu siyasi hakimiyyətin mahiyyəti dəyişmiş olur. Bu da birbaşa ölkənin məhvi və yaxud bu rejimin məhvinə yol açacaq". Bu mənada, yəni bir tərəfdən vətəndaşların basqıları bu istiqamətdədir ki, ciddi reformlar və islahatlar olmalıdır”.
Sadiq İsabəyli bildirib ki, Pezeşkian əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və ictimai azadlıqların təmin olunması istiqamətində müəyyən işlər görsün, onun qarşısını almağa çalışırlar.
Sadiq İsabəyli qeyd edib ki, eyni zamanda radikal cərəyanlar, o cümlədən İranın parlament sədri Məhəmmədbağır Qalibafın yer aldığı qruplar dini rəhbərlik, strukturun gücü və onun kontrol mexanizmlərinin hər şeydən üstün olduğunu, vətəndaşlara və vətəndaşların seçimi ilə hakimiyyətə gəlmiş qurumlara sübut eləməliyik: “Bu qurumlardan biri də ölkədə, icraedici orqan və bu gün onun başında olan Məsud Pezeşkiandır. Buna görə də parlament sədri Məsud Pezeşkian və onun bütün komandasını bununla təhdid edir ki, “biz parlamentdə səni cavabdeh kimi çıxararaq, sənə bir sıra ittihamlar yağdıraq və bu postda öz vəzifə və funksiyasını icra edə bilmədiyini əsas gətirərək səni vəzifəndən azad edək”. Bunun həyata keçirilib-keçirilməməsi məsələsi bir tərəfə, təzyiq olunmasında konkret mesaj bundan ibarətdir ki, “İranda yaşayan insanlar xəbəriniz olsun ki, sizin seçdiyiniz adamlar bizim üçün önəmli deyil. Bu ölkənin siyasi hakimiyyətinin, ideoloji hakimiyyətinin kontrolu dini rəhbər və onun formalaşdırdığı strukturun nəzarəti altındadır, heç kim bu kontrolun altından çıxa bilməz”. Hətta əgər onu bir neçə milyon insan seçki yolu ilə seçsə belə...”
Siyasi şərhçi bildirib ki, sosial mediadakı radikal qruplar seçiciləri “anlamaz”, “uzunqulaq” adlandırmaqla təhqir edirlər: “Xüsusilə, nəzərə alsaq ki, Məsud Pezeşkian bir Azərbaycan türküdür, onu həm də azərbaycanlı olduğu üçün təhqir edirlər. Onu seçən azərbaycanlıları da qeyri- etik ifadələrlə təhqir edirlər. Yəni o sərt xəttin tərəfdarları olan qruplar demək istəyirlər ki, “biz hələ də o gücə sahibik ki, bütün məsələləri nəzarətdə saxlaya bilərik”. Amma bunu həyata keçirə biləcəklərmi? Bu şəraitdə mümkünsüzdür. Dəfələrlə də belə bir şayiə ortaya atıblar ki, "Məsud Pezeşkian istefa vermək istəyir, amma onlar qoymurlar". Guya istefa ərizəsini hazırlayıb.
Amma bu da bir sıra oyunlara hesablanmış məsələlərdir ki, hələ davam edir.
Bəzi siyasi cərəyanların Məsud Pezeşkian üzərindən təzyiq siyasətinin konkret məqsədi var. Məqsədlərdən biri də, ölkədə gərginliyi saxlamaqla vətəndaşları asılı etmək, yəni onları konkret bir mövqeyə gəlməsini əngəlləməkdir. Məsələn; Məsud Pezeşkianın ümidverici vədləri vardı. Bir var, vətəndaşlar o qənaətə gəlirlər ki, artıq bu vədlər boşunadır, bu vədlər həyata keçirilməyəcək. Bir də var ki, vətəndaşlarda hələ də o gözlənti var ki, Pezeşkian da bütün gücü ilə bu basqılara sinə gəlmək istəyir. Bu da müəyyən mənada bu rejimə zaman qazandırır”.
İradə Cəlil, Bizimyol.info






