Müvafiq icra hakimiyyəti orqanlarının məsuliyyətsizliyi, laqeydliyi daha bir vətəndaşın həyatı bahasına başa gəlib. Hadisə Sabirabad rayonunda baş verib.
Rayonun Sərxanbəyli kəndində kollektorun üzərindəki körpünün uçması nəticəsində pambıqyığan kombayn kanala aşıb. Kombaynın sürücüsü olan kənd sakini, 1988-ci il təvəllüdlü Nurlan Zəbulla oğlu Kərimov rücü hadisə yerində ölüb.
Bizimyol.info xəbər verir ki, bu körpünün qəzalı vəziyyətdə olması ilə əlaqədar hələ iki il əvvəl həyəcan təbili çalınmışdı. Sosial şəbəkələrdə körpünün görüntüləri yayılaraq, onun hər an uça biləcəyi, insanların ölümünə səbəb olacağı haqda xəbərdarlıq olunmuşdu.
“Bura Sabirabad rayonu, Sərxanbəyli kəndinin girişindəki körpüdür. İndi çəkmişəm. Ölüm tələsidir...”, - körpünün həmin görüntülərini yayaraq, müvafiq qurumları təcili tədbir görməyə çağıran Ruslan Əmirov 2023-cü il noyabrın 2-də Facebook hesabında yazmışdı.
Həmin vaxt Sabirabad Rayon İcra Hakimiyyəti də körpünün qəzalı vəziyyətdə olduğunu sübut edən görüntülərə reaksiya vermişdi. İcra hakimiyyəti körpünün qəzalı vəziyyətdə olduğunu təsdiqləyərək, bu barədə müvafiq dövlət orqanlarına məlumat verildiyini və 2024-cü ildə onun bərpası ilə əlaqədar tikinti işlərinin görüləcəyini açıqlamışdı:
“Bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən keçirilmiş vizual baxış zamanı Sabirabad rayonunun Sarxanbəyli kəndi ərazisində Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin balansında olan, II-Küryanı kollektor üzərində aşırımlı körpünün qəzalı vəziyyətdə olduğu qeyd olunub. Baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması və körpünün təhlükəsiz istismarının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyətı üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-ə müraciətlər olunub. Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin verdiyi məlumata əsasən, hazırda həmin körpünün bərpası ilə bağlı layihə-smeta sənədləri hazırlanır və 2024-cü ildə tikinti işlərinin görülməsi nəzərdə tutulub”.
Beləliklə, aydın olur ki, müxtəlif dövlət orqanları bu körpünün insanlar üçün təhlükə mənbəyi olduğunu bilib, lakin heç bir tədbir görməyiblər. Onların səhlənkarlığı isə 37 yaşlı vətəndaşın ölümü ilə nəticələnib.
Aytən, Bizimyol.info






