Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nərmin işi” üzrə qərarı Ali Məhkəmə qüvvədə saxladı: “Haqq-ədalət gec-tez yerini tutacaq, məzlumun ahı yerdə qalmaz”
“Nərmin işi” üzrə qərarı Ali Məhkəmə qüvvədə saxladı: “Haqq-ədalət gec-tez yerini tutacaq, məzlumun ahı yerdə qalmaz”

Dekabrın 23-də Ali Məhkəmədə Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra isə kənddə yandırılmış meyitin tapılması ilə əlaqədar həbs olunaraq, 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun işinə baxılıb.

Bizimyol.info xəbər verir ki, Ali Məhkəmədə hakim Rəşad Abdullayevin sədrliyilə keçirilən prosesin sonunda İlkin Süleymanovun şikayətinin təmin olunmadığı açıqlanıb. Onun haqqında 18 il azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayan apellyasiya məhkəməsinin qərarı haqlı hesab olunub.

Lakin məhkəmədə çıxış edən vəkillər İlkin Süleymanov haqqında hökmün əsassız olduğunu bildiriblər. Müdafiəçilər şikayətlərində İlkin Süleymanovun işgəncəyə məruz qalması, təqsirləndirilən şəxs qismində etiraf ifadəsinin ondan təzyiq altında alınması, cinayət işinin materiallarında olan ziddiyyətlər və s. haqda ətraflı bəhs ediblər. Vəkillər qeyd edib ki, İlkin Süleymanov 6 ilə yaxındır törətmədiyi cinayətə görə cəza çəkir.

Buna baxmayaraq, Ali Məhkəmə aşağı instansiyanın qərarını dəyişmədən qüvvədə saxlayıb.

İlkin Süleymanovun yaxınları bildirib ki, onun işi ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək: “Ölkə daxilində bütün məhkəmə instansiyalarını keçdik. Son instansiya Ali Məhkəmə idi. Bundan sonra növbəti addım Avropa Məhkəməsinə şikayət göndərmək olacaq”.

İlkin Süleymanovun işgəncəyə məruz qalması ilə bağlı şikayəti artıq Avropa Məhkəməsinin icraatındadır. Bu məsələ ilə əlaqədar hələ o, istintaq altında olarkən müxtəlif dövlət qurumlarına, o cümlədən prokurorluğa, məhkəməyə şikayət verilib. Lakin ölkədaxili bütün məhkəmə instansiyalarında onun şikayəti təmin olunmayıb. Bundan sonra Avropa Məhkəməsinə ərizə göndərilib.

İlkin Süleymanovun yaxınları onun haqqında yerli məhkəmələrin çıxardığı hökm və qərarları əsassız hesab edir. Onlar bu iş üzrə istintaq zamanı yol verilən çoxsaylı qanun pozuntularına diqqət çəkirlər:

“Bu işdə onlarla qanun pozuntuları var. Çox təəssüf ki, bütün bunlara göz yumuldu. Qanunsuzluqlar o həddədir ki, hətta bu işdəki pozuntulara görə istintaqı aparmış müstəntiq Nadir Mirzəyev haqqında xüsusi qərar çıxardılar. Deməli, özləri də qanunsuzluğu etiraf edirlər. Amma nə faydası? Bu cür qanunsuzluqlarla aparılmış bir cinayət işinə görə İlkini cəzalandırdılar. Haqq-ədalət gec-tez yerini tutacaq, məzlumun ahı yerdə qalmaz”.

Azyaşlı Nərmini oğurlayıb qətlə yetirməkdə ittiham olunan 1973-cü il təvəllüdlü İlkin Süleymanov 2020-ci il yanvarın 6-da – Dondar Quşçu kəndində yanmış meyit tapılan gün həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham verilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

İlkin Süleymanov ittihamı qəbul etmir, işgəncə altında etiraf ifadəsi verdiyini deyir. O bildirib ki, azyaşlı Nərminin övladlığa götürmək məqsədilə 47 gün onların evində olması, onu öldürməsi və meyitini yandırması barədə ittihamda yazılanların hamısı yalandır.

Baş Prokurorluq isə İlkin Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, prokurorluqdan bildirilib ki, işgəncə barədə deyilənlər araşdırılıb və iddialar təsdiqini tapmayıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »