“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü müasir Azərbaycan dövlətinin hüquqi-siyasi mahiyyətini, idarəetmə fəlsəfəsini və milli dövlətçilik ənənələrini aydın şəkildə əks etdirən mühüm siyasi-hüquqi addımdır. Bu təşəbbüs Konstitusiyanın əsas prinsiplərinə, dövlət suverenliyinin möhkəmləndirilməsinə və insan hüquqlarının təmininə xidmət edən ardıcıl dövlət siyasətinin məntiqi davamıdır” .
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Azərbaycan Respublikasının dayanıqlı inkişaf strategiyası Heydər Əliyev tərəfindən formalaşdırılmış və müasir dövrdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik ənənələrinə əsaslanır. Bu strategiyanın mərkəzində güclü dövlət hakimiyyəti, hüququn aliliyi, ictimai-siyasi sabitlik və vətəndaş rifahının təmin edilməsi dayanır.
Nicat İsmayılov“1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi əsaslarını müəyyən etmiş, sonrakı dövrdə isə dövlətin suveren hüquqlarının faktiki olaraq bütün ölkə ərazisində təmin edilməsi ilə bu sənəd real məzmun qazanmışdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ardıcıl və prinsipial siyasət nəticəsində Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, Konstitusiya normalarının icrası üçün zəruri siyasi-hüquqi mühit formalaşdırılmışdır. Bu baxımdan amnistiya təşəbbüsü dövlətin hüquqi institutlarının yetkinliyini, cəza siyasətinin mütərəqqi prinsiplər əsasında həyata keçirildiyini və cəmiyyətin daxili sabitliyinin təmin olunduğunu nümayiş etdirir. Güclü və suveren dövlət yalnız hüquqi məsuliyyət mexanizmlərini deyil, eyni zamanda islah və sosial adaptasiya vasitələrini də tətbiq etmək imkanına malikdir”-deyən politoloq bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində humanizm prinsipi əsas ideoloji istiqamətlərdən birini təşkil edir. Bu prinsip insan hüquq və azadlıqlarının qorunması, sosial ədalətin təmin edilməsi və hüquqi münasibətlərdə balansın saxlanılması ilə öz ifadəsini tapır.
Nicat İsmayılovun fikrincə, amnistiyanın elan edilməsi cəza siyasətinin humanist əsaslar üzərində qurulduğunu, hüquqi məsuliyyətin məqsədinin yalnız cəzalandırma deyil, eyni zamanda islah və cəmiyyətə reinteqrasiyanın təmin edilməsi olduğunu təsdiqləyir: “Bu yanaşma, hüquqi dövlət anlayışının ayrılmaz tərkib hissəsi olmaqla, beynəlxalq hüquq normalarına və müasir hüquq sistemlərinin qəbul etdiyi prinsiplərə tam uyğundur. “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsünün irəli sürülməsi xüsusi siyasi və hüquqi rəmzi məna daşıyır. Bu addım Azərbaycan Respublikasının dövlət müstəqilliyini və suveren hüquqlarını tam təmin etdikdən sonra ictimai münasibətlərin tənzimlənməsində daha yüksək hüquqi və mənəvi mərhələyə keçdiyini nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi kursu dövlətçilik prinsipləri ilə humanizmin qarşılıqlı vəhdətinə əsaslanır. Amnistiya təşəbbüsü güclü dövlət idarəçiliyinin humanist dəyərlərlə uzlaşdırıldığını, hüquqi mexanizmlərin cəmiyyətin sosial rifahına xidmət etdiyini bir daha təsdiqləyir. Bu siyasət vətəndaş–dövlət münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına və hüquqi dövlət quruculuğunun dərinləşdirilməsinə yönəlmişdir”.
“Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətçiliyinin dayanıqlı inkişaf modelinin, hüququn aliliyinə əsaslanan idarəetmə sisteminin və humanist dövlət siyasətinin bariz nümunəsidir. Bu təşəbbüs müasir Azərbaycan Respublikasının güclü, suveren, hüquqi və sosial məsuliyyətli dövlət kimi formalaşdığını bir daha təsdiqləyir”-deyə Nicat İsmayılov bildirib.
İradə Cəlil, Bizimyol.info






