Prezident İlham Əliyev məhkumlara amnistiya verir. Dövlət başçısı amnistiya aktını artıq Milli Məclisə göndərib. Sənəd artıq parlamentdə müzakirəyə çıxarılıb.
APA xəbər verib ki, bu amnistiya aktı 20 mindən çox məhkum şamil olunacaq. Onlardan 5 min nəfərdən çoxu azadlıqdan məhrumetmə cəzasından qurtulacaq. Azadlıqdan məhrum edilmiş daha 3 min nəfərin cəzası azaldılacaq. 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Xəbərdə həmçinin deyilir ki, həmçinin "layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq".
Məlum olduğu kimi, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra keçən 34 il ərzində ölkədə 12 dəfə amnistiya aktı qəbul edilib və ümumilikdə 70 min şəxsə şamil olunub. İlk amnistiya da elə Azərbaycanın müstəqilliyinin bərpası münasibəti ilə qəbul edilmişdi. Bu amnistiya aktlarının əksəriyyəti İlham Əliyevin prezident olduğu dövrə düşür. Eyni zamanda indiyə qədər ölkə prezidentinin imzaladığı əfv sərəncamlarının da sayı 70-dən çoxdur. Bunların çoxu da yenə hazırkı dövlət başçısının hakimiyyət dövrünə aiddir.
Təbii ki, burada İlham Əliyevin öz sələfləri ilə müqayisədə daha uzun müddət hakimiyyət başında olması da rol oynayır. Ancaq ümumilikdə əfv sərəncamlarının və amnistiya aktlarının təsiri altına düşən şəxslərin say nisbətinə baxdıqda, məsələn, son 20 ildə bu amnistiyalardan təsirlənən məhkumlar daha çox olub. Doğrudur, bu illərdə həbslər də çoxalıb. Bunun da öz səbəbləri var.
Elə səbəblər var ki, onlar Azərbaycandan kənarda formalaşıb və ölkə həyatına təsirini göstərib. Məsələn, ölkə hüdudlarından kənarda qanunsuz hərbi birləşmələrdə iştiraka görə xeyli Azərbaycan vətəndaşı məhkum olunub. Eləcə də, rəqəmsal texnologiyaların inkişafı özü ilə bərabər kibercinayətkarlığı da körükləyib. Bundan başqa Azərbaycan öz dövlət siyasətini müstəqilləşdirdicə, apriori xarici kəşfiyyatlar da ölkə içində fəallaşlb və Azərbaycan dövləti əleyhinə şəbəkələr formalaşdırmağa çalışıb. Bunlar dini etiqad, iqtisadi fəaliyyət, vətəndaş cəmiyyətinin və medianın dəstəklənməsi, demokratiyaya yardım və sair adlar altında - çox müxtəlif üsul və metodlarla həyata keçirilib. Buna görə də Azərbaycanın təhlükəsizlik, hüquq-mühafizə orqanları bu cür əməllərlə bağlı xeyli əməliyyatlar keçirib, həbslər aparıb və məhkəmələrdə xeyli şəxs barəsində hökmlər çıxarılıb. Onların arasında əcnəbilər də var. Eyni zamanda son onillərdə korrupsiya, rüşvətxorluq, dövlət büdcəsini talama, eləcə də, vətəndaşların hüquqlarının pozulmasına görə həbs olunan dövlət məmurlarının da sayında nəzərəçarpacaq artım var. Bu da, rəsmi mənbələrin açıqladığı kimi, dövlət sistemində "təmizləmə", maliyyə intizamının möhkəmləndirilməsi və sair məqsədlərdən irəli gəlib. Başqa çoxlu faktlar gətirmək də olar.
Demək istədiyimiz budur ki, məhkumların da sayı zaman-zaman artıb, eyni zamanda əfv olunanlar da, amnisiyaya düşənlər də çoxdur. Hər amnistiya qərarının öz tarixçəsi və özünəməxsus gərəkçəsi var.
Ancaq Prezident İlham Əliyevin irəli sürdüyü indiki yeni amnistiya təşəbbüsünün xüsusi məna daşıdığını da vurğulamaq lazım gəlir. Bu addım Azərbaycanda 2025-ci ilin Konstitusiya və Suverenlik ili çərçivəsində atılıb; son qərar qəbul olunduqda, bu, Azərbaycanın öz suverenliyini və ərazi bütövıüyünü tam bərpa etməsindən sonra verilmiş ilk amnistiya olacaq. Həm indiyə qədər ən çox məhkuma şamil olunacaq bir amnistiyadır və cəmiyyətdən yüksək təqdir qazanacaq.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info





