Bakıda Afrika Azərbaycan Əməkdaşlığı Təşkilatının (AFAZ) təşkilatçılığıyla "Efiopiya Təəssüratları - Business Party" adlı tədbir keçirilib.
Bizimyol.info xəbər verir ki, tədbirin açılış çıxışında Afrika Azərbaycan Əməkdaşlığı Təşkilatının (AFAZ) təsisçisi Rəna Qafarova bildirib ki, təşkilatın məqsədi Afrika ölkələri ilə Azərbaycan arasında əlaqələri genişləndirməkdir: “Təşkilatımız 2023-cü ildə yaranıb. Məqsədimiz 54 Afrika ölkəsi ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişləndirilməsi və mədəni əlaqələrin inkişafında iştirak etməkdir. 2026-cı il üçün hədəfimiz daha böyükdür. Xüsusi dəvətimizlə 100-dən çox Afrika şirkətinin may ayında Bakıya səfəri gözlənilir".
Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir tədbirdə çıxışı zamanı bildirib ki, Afrika-Azərbaycan Əməkdaşlığı Təşkilatının (AFAZ) təşəbbüsü çox qiymətlidir: “Məlum olduğu kimi, Türkiyənin 2005-ci ildən sonra başlayan və sürətlənən Afrika ilə əlaqələri inkişaf etdirmək siyasəti var. Biz Afrikaya həm onların problemini həll etmək kontekstindən baxırıq, həm də əlaqələri inkişaf etdirmək prizmasından xüsusi diqqət göstəririk. Azərbaycanın da Afrika ilə bağlı siyasəti çox müsbətdir. Afrika dünyanın ən zəngin qitəsidir. Bizlər də Türkiyə olaraq qardaşımız Azərbaycanla birgə Afrika üzrə təşəbbüslər və digər istiqamətlərdə əməkdaşlıq etməyə davam edəcəyik”.
Mərahim Nəsib, Orxan Musa






