Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ev dustaqlığına buraxılan Rəqsanənin vəkili: “Məhkəmə bunları nəzərə aldı...”
Ev dustaqlığına buraxılan Rəqsanənin vəkili: “Məhkəmə bunları nəzərə aldı...”

Üç aydır həbsdə olan müğənni Rəqsanə İsmayılova noyabrın 19-da axşam saatlarında ev dustaqlığına buraxılıb. Bu barədə Sabunçu Rayon Məhkəməsində qərar verilib və müğənni dərhal məhkəmə zalından azadlığa buraxılıb.

Bizimyol.info xəbər verir ki, Rəqsanə İsmayılovanın haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün onun vəkili Hikmət Əliyev məhkəməyə vəsatət vermişdi. Məhkəmə də vəsatəti təmin edib.

Vəkil Hikmət Əliyev deyir ki, müvəkkilinin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün kifayət qədər əsaslar vardı. Bu baxımdan, müdafiəçi Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması haqda məhkəmənin qərarının ədalətli olduğunu vurğulayır.

Vəkil həmin əsasların nədən ibarət olduğunu da açıqlayıb: “İş üzrə zərərin xeyli hissəsi ödənilib. Məhkəmə bunu nəzərə aldı. Eyni zamanda, Rəqsanə İsmayılovanın səhhətində problemlər var. Məhkəmə bunu da nəzərə aldı...”

Müğənninin himayəsində həmçinin azyaşlı uşaqları var.

Qeyd edək ki, Rəqsanə İsmayılova həbsdən buraxılsa da, onunla bağlı istintaq davam edir. İstintaq araşdırmaları Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılır.

1979-cu il təvəllüdlü Rəqsanə İsmayılova avqustun 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Müğənni iki nəfərin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min dollar pulunu ələ keçirməkdə ittiham olunur.

Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov adlı şəxs iddia edib ki, Rusiyada miqrasiya məsələsinin həll olunması məqsədilə ona pul veriblər.

Lakin Rəqsanə İsmayılova dələduzluq ittihamını qəbul etmir.

Müğənni həbsindən əvvəl videomüraciət yayaraq, vəzifəli şəxs tərəfindən evinin ələ keçirildiyini bildirmişdi.

Qeyd edək ki, Rəqsanə İsmayılovanın həbsindən sonra onun həyat yoldaşı Fazil Əmiraslanov haqqında cinayət işi başlanıb, eyni maddə ilə ittiham elan edilib. Lakin onun barəsində həbs qətimkan tədbiri seçilmədi.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »