"Google" "Pixel 10" smartfon sahibləri üçün eksklüziv olan yeni funksiyanı — "Google Maps"də enerji qənaəti rejimini təqdim edib.
Bizimyol.info xəbər verir ki, bu yenilik noyabr ayı üçün hazırlanan "Feature Drop" paketinə daxil edilib və naviqasiya zamanı batareya sərfiyyatını azaltmağa xidmət edir.
Funksiya "Google Maps Power-Saving Mode" adlanır. Bu rejim aktivləşdirildikdə tətbiq monoxrom görüntüyə keçir, interfeys sadələşdirilir və artıq vizual elementlər kənarlaşdırılır. Bunun nəticəsində prosessora və ekrana düşən yük azalır və cihazın enerji sərfiyyatının optimallaşdırılması hesabına avtonom iş vaxtının artırılması nəzərdə tutulur.
Hazırda bu funksiya yalnız "Pixel 10" flaqman modellərində əlçatandır, lakin "Google" gələcəkdə tətbiqin digər cihazlara da genişləndirilməsini planlaşdırır.
İstifadəçilər yeniləməni 12 noyabrdan etibarən almağa başlayıblar, buna görə də yeni funksiyanın real effektivliyi barədə məlumatlar yaxın həftələrdə ortaya çıxacaq. Bununla yanaşı, "Google" yeniləməyə digər imkanları da əlavə edib: "Google Messages" daxilində foto redaktəsi üçün "AI Remix", telefon fırıldaqçılığına qarşı təkmilləşdirilmiş müdafiə və yeni "Wicked" mövzuları.
Qadir, Bizimyol.info






