“Məsud Pezeşkian prezidentliyə namizəd olan zaman vəd edərək, demişdi ki, “mən prezident seçilsəm, Konstitutsiyanın 15-ci maddəsini yerinə yetirəcəyəm. Konstitutsiyanın 15-ci maddəsi ana dilində təhsil almaq haqqındadır. Bu, azərbaycanlıların da istəyi idi. Azərbaycanlılar da Pezeşkiana səs verdilər. 6 ay əvvəl Parlamentdə bir layihə təklif edildi ki, həftədə 2 saat uşaqlara öz dillərində ana dilində dərs versinlər. Təkcə həftədə 2 saat... Amma Parlamentdə bu məsələyə qarşı çıxanlar oldu. Ən böyük problem o idi ki, Parlamentlə əlaqədə Pezeşkianın öz köməkçisi idi. Köməkçi çıxışı zamanı “uşaqlara ana dilini öyrətmək məmləkəti parçalamaq və separatçılığı təbliğ etmək deməkdir” deyə bildirdi”.
Bu barədə Bizimyol.info xəbər portalına güney azərbaycanlı siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, prezidentin öz köməkçisi belə bu qanunun icra edilməsinə mane oldu və bununla da insanlar başa düşdü ki, bu məmləkətdə kim prezident olursa olsun, bu qanunlar yerinə yetirilməyəcək.
Maşallah Rəzmi“Bu gün Cənubi Azərbaycanda milli fəallarımız arasında böyük alimlər var. Güclü türkoloqlarımız var. Onlar türk dilini gözəl bilir və analiz edə bilirlər. Ümumiyyətlə, bu insanlar təhsillərini ya Şimali Azərbaycanda, ya Türkiyədə və ya digər ölkələrdə alıblar. Türk dilini yaxşı bildikləri üçün yaxşı da müdafiə edə bilirlər. İranda hakimiyyət icazə vermir ki, bu tədqiqatçılar işləri birlikdə inkişaf etdirsinlər. Yəni 2-3 nəfər tədqiqatçı bir yerə oturduğu zaman hakimiyyət onları zindana salır. Onları separatçılıqda ittiham edir”-deyə Maşallah Rəzmi qeyd edib.
İradə Cəlil, Bizimyol.info






