Xətai rayonunda baş verən torpaq sürüşməsi bir daha göstərdi ki, şəhər infrastrukturu və onun idarəetmə mexanizmləri hələ də dayanıqlı və təhlükəsiz səviyyədə deyil. Rəsmi məlumata görə, hadisəyə səbəb ərazidən keçən magistral su xəttindəki qəza və sızma olub. Xətai Rayon İcra Hakimiyyətinin verdiyi açıqlamada bildirilir ki, “problem aradan qaldırılıb, su xətti bərpa olunub və ərazidə təmizlik işləri aparılır”. Lakin məsələ yalnız bu qədər sadə deyil. Su xəttində sızmanın torpaq sürüşməsinə səbəb olması su infrastrukturunun keyfiyyəti, monitorinq sisteminin işləməməsi və profilaktik tədbirlərin vaxtında görülməməsi ilə bağlı ciddi suallar doğurur.
Paytaxtın bir çox rayonlarında magistral su xətləri illər əvvəl çəkilib və uzun müddətdir yenilənməyib. Texniki xidmətin formal xarakter daşıdığı şəraitdə sızmaların vaxtında aşkar olunmaması, təzyiq balansının pozulması və nəticədə torpaq laylarının boşalması qaçılmaz olur. Bu hadisə təkcə “təbii” torpaq sürüşməsi deyil, həm də infrastrukturda illərlə yığılan laqeydliyin nəticəsidir.
Xətai kimi sıx yaşayışlı bir ərazidə belə hadisənin baş verməsi həm də təhlükəsizlik məsələsini gündəmə gətirir. Çünki bu cür sürüşmələr binaların dayaqlarına, yolların örtüyünə və mühəndis kommunikasiyalarına birbaşa təsir göstərir.
İcra Hakimiyyətinin məlumatında problemin “aradan qaldırıldığı” və “təmizlik işlərinin aparıldığı” qeyd olunur. Ancaq bu tip açıqlamalar artıq cəmiyyət üçün inandırıcılığını itirib. Çünki oxşar hadisələrdə hər dəfə eyni tonla verilən bəyanatlar, real monitorinq və hesabatlılıq mexanizminin olmaması ilə müşayiət olunur. Nə qədər ki, hadisənin səbəbləri yalnız “xəttdə sızma” ilə izah ediləcək, belə hallar təkrarlanmaqda davam edəcək.
Xətai hadisəsi bir daha sübut etdi ki, şəhər təsərrüfatında baş verən “kiçik qəzalara” sistemli yanaşma yoxdur. Profilaktik təmir işləri, infrastruktur xəritələrinin yenilənməsi və su təsərrüfatında məsuliyyət bölgüsü mexanizmləri yenidən qurulmadığı halda, bu tip hadisələr təkcə maddi deyil, həm də ekoloji və sosial risklər yaradır.
Problemin aradan qaldırılması kifayət deyil. Əsas məsələ onun niyə baş verdiyini və necə qarşısının alınacağını aydın şəkildə ictimaiyyətə təqdim etməkdir. Əks halda, “bərpa olundu” cümləsi növbəti hadisəyə qədər sadəcə bir müvəqqəti təsəlli olaraq qalacaq.
Leyla Mirzə, Bizimyol.info






