Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlkin Süleymanovun vəkili saxlanılıb
İlkin Süleymanovun vəkili saxlanılıb

Bir çox səs-küylü işlərdə müdafiəçi kimi iştirak etmiş vəkil Zabil Qəhrəmanov saxlanılıb. Gəncədəki 1 saylı vəkil bürosunun vəkili olan Zabil Qəhrəmanov xuliqanlıqda ittiham olunur.

Bizimyol.info xəbər verir ki, oktyabrın 23-də axşam saatlarında saxlanılan vəkilə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. O, Göygöl rayonu ərazisində avtoyuma məntəqəsində bir nəfərlə mübahisə etməkdə, daha sonra həmin şəxsə xəsarət yetirməkdə ittiham olunur.

Zabil Qəhrəmanovun vəkili Səadət Seyidli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müvəkkili xuliqanlıq ittihamını qəbul etmir: “Oktyabrın 23-də axşam saatlarında saxlanılıb, bu gün şübhəli şəxs qismində dindirildi. İstintaq sirrini yaymamaq üçün detalları danışmaq istəmirəm. Onu deyə bilərəm ki, birmənalı şəkildə özünü təqsirli bilmir, heç bir cinayət törətmədiyini bildirir”.

Qeyd edək ki, Zabil Qəhrəmanovla bağlı cinayət işi üzrə istintaq Gəncə Şəhər Baş Polis İdarəsində aparılır.

Səadət Seyidli əlavə edib ki, Zabil Qəhrəmanovun barəsində şübhəli şəxs qismində saxlanma üçün qanunda nəzərdə tutulan 48 saatlıq müddət oktyabrın 25-də axşam tamam olacaq. O vaxta qədər vəkil ya sərbəst buraxılmalı, ya da barəsində qətimkan tədbiri ilə bağlı qərar verilməlidir.

Zabil Qəhrəmanov cəmiyyətdə daha çox 6 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra isə kənddə yandırılmış meyitin tapılması ilə əlaqədar həbs olunmuş İlkin Süleymanovun vəkili kimi tanınıb.

Zaqatalada qətl hadisəsinə görə 4 il həbsdə saxlandıqdan sonra bəraət alaraq azadlığa buraxılan yük maşınının sürücüsü Polad İsmayılovun vəkili də Zabil Qəhrəmanov idi. O, ölkədə ən çox bəraət alan vəkillərdən biri hesab olunur.

Oktyabrın 8-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə onun vəkillik fəaliyyəti 6 aylıq dayandırılmışdı. O, bu qərarla razılaşmır, heç bir intizam pozuntusuna yol vermədiyini bildirirdi.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »