Rəqəmsal dövrün tələbləri dəyişir, amma təhsil sistemi bu dəyişikliklərə hər zaman adekvat cavab verə bilmir. Son illərdə Azərbaycanda və bir çox digər ölkələrdə informatika müəllimlərinin çatışmazlığı ciddi problemə çevrilib. Halbuki, müasir dövrdə kompüter savadlılığı artıq seçim deyil, zərurət sayılır.
Son 10 ildə tədris proqramları genişlənib, məktəblərdə kompüter kabinetlərinin sayı artsa da, bu fənni tədris edəcək ixtisaslı müəllimlər yetərli deyil. Xüsusilə region məktəblərində informatika dərsləri ya başqa fənn müəllimləri tərəfindən aparılır, ya da ümumiyyətlə keçirilmədən formal qeyd olunur.
Təhsil mütəxəssisləri bildirirlər ki, bu sahədə kadr çatışmazlığı iki əsas səbəbdən yaranır: İnformatika müəllimi ixtisasına marağın az olması və bu ixtisas üzrə tədris proqramlarının əmək bazarına uyğun olmaması.
Bir çox gənclər texnologiya sahəsini seçsə də, onlar proqramçı, dizayner və ya analitik kimi özəl sektorda işləməyə üstünlük verirlər. Tədris sahəsinə az adam üz tutur. Nəticədə məktəblər ən vacib fənlərdən birində informatika dərslərində müəllimsiz qalır. Hazırda bir çox məktəblərdə informatika dərsləri hələ də əsas kompüter bilikləri, yəni Word, Excel və PowerPoint səviyyəsində keçirilir. Halbuki, bu gün məktəblilər süni intellekt, proqramlaşdırma, kibertəhlükəsizlik və robototexnika haqqında ilkin anlayışlara sahib olmalıdır.
Müəllim çatışmazlığı səbəbindən bu sahələrə keçid ləngiyir. Bu da ölkənin gələcək texnoloji potensialına mənfi təsir göstərə bilər. Paytaxtda bu boşluğu qismən fərdi kurslar və özəl tədris mərkəzləri doldura bilir. Amma bölgələrdə vəziyyət fərqlidir. Bəzi kənd məktəblərində informatika kabinetləri illərlə bağlı qalır, çünki dərs keçəcək müəllim yoxdur. Bəzən bu fənn biologiya və ya riyaziyyat müəlliminin üzərinə düşür bu isə tədrisin keyfiyyətinə təsir edir.
Bu problemin həlli üçün bir sıra ölkələrdə distant informatika dərsləri tətbiq edilir. Azərbaycanda da bu model müəyyən məktəblərdə sınanır, lakin sistemli şəkildə genişlənməsi üçün hüquqi və texniki bazanın gücləndirilməsinə ehtiyac var.
XXI əsrin məktəbi texnologiyadan ayrı düşünülə bilməz. İnformatika fənni sadəcə dərs deyil, gələcək nəsillərin rəqəmsal dünyaya uyğunlaşmasının ən önəmli açarıdır. Buna görə də bu sahədə müəllim çatışmazlığı yalnız təhsil problemi deyil, həm də sosial və iqtisadi məsələdir. Əgər bu gün məktəblərimizdə informatika dərsləri boş keçirsə, sabah ölkəmiz rəqəmsal yarışda geri qala bilər.
Leyla Mirzə, Bizimyol.info






