Bəzi ixtisaslarda qabiliyyət imtahanı var. Amma bir də hamılıqla qalibiyyət imtahanı vermək lazım gəlirsə...
Beş il əvvəl əks-hücuma keçdik və sonda QALİBİYYƏT imtahanından da keçdik. Daha doğrusu, birinci mərhələsindən. Düz beş il əvvəl Azərbaycan ordusuna əks-hücum əmri verən Ali Baş Komandan bunun nə ilə bitəcəyini, şübhəsiz ki, əvvəlcədən hesablamışdı, bilirdi. Ancaq cəmiyyət bunu bilmirdi. Hər halda çoxumuz üçün nəinki Şuşa, Laçın, Kəlbəcər, elə Ağdam da, Füzuli də... şirin xəyal kimi görünürdü. Ancaq, görürsünüz, bütün bunlar gerçək oldu. Hələ mən Xankəndini demirəm.
Hər qələbə bizim üçün, əlbəttə ki, özünəməxsus qabiliyyət imtahanı idi; nəyə qadir olduğumuzu görmə və dosta-düşmənə göstərmə məqamı idi. Biz bu imtahandan uğurla keçdik.
İtkilərimiz, yaralarımız, ağrılarımız varmı?! Var! Ancaq bu, ağır, qanlı-qadalı imtahanda olacaq o qədər. Komandanından sıra nəfərinə qədər hər fərdinin böyük fədakarlıq və yüksək peşəkarlıq göstərdiyi Silahlı Qüvvələrimiz bu ağır qabiliyyət imtahanından qalibiyyətlə çıxdı. Əsas olan budur.
27 sentyabr məhz bu qalibiyyətin başlanğıcıdır. Ancaq imtahan hələ bitməyib; biz artıq bütövləşmiş ölkənin sakinləriyik. Ərazicə "böyümüşük"; artıq torpaqlarımızı düşməndən geri almışıq, özümüzə, bizdən sonrakı nəsillərə qaytarmışıq. Qalibiyyətin bizə verdiyi özgüvən, sevinc və qürur öz yerində. Bunlar çox gözəldir. Ancaq bunun bir də məsuliyyət yükü var. Əlbəttə, "yük" sözü burda yaxşı mənada işlənir. Müharibədə qələbə çaldığımız gündən üzübəri hər gün, hər saat, hər an bu zəfərə layiq millət olduğumuzu xatırlayırıq. "Qalib xalq" adına uyğun və layiq yaşamağa çalışırıq, çalışmalıyıq.
Bilirsiniz, müharibənin bir qələbə formatı var, dinc dövrün ayrı qələbə formatı var. Müharibədə düşmənə necə qalib gələ bilmişiksə, dinc dövrdə də toplumun başqa düşmənləri var. Odur ki, yoxsulluq, yolsuzluq, işsizlik, haqsızlıq üzrində qələbələr döyüş meydanlarında əldə etdiyimiz qələbəni tamsmlayacaq.
Qalibiyyət imtahanımız və bu imtahandan aldığımız əla qiymət mənim daha əvvəl də ifadə etdiyim gerçəyi bir daha göstərdi. Nədir bu gerçək, bilirsinizmi?! "İnsan axıra qədər təslim olmadan mübarizə apardığı hər savaşın qalibidir. Sağ qalsa da, həlak olsa da. Döyüşmədən uduzan isə ikiqat məğlubdur: həm fiziki, həm mental olaraq".
Biz müharibənin əvvəlki fazasını döyüşərək məğlub olmuşduq, ikinci fazada isə döyüşərək qalib gəldik. Deməli, otuz illik işğal, müharibə dövründə biz düşmənə təslim olmadıq. Əgər mental olaraq təslim bayrağı çəksəydik, bugünkü Zəfər təntənəsini də yaşamazdıq, elə deyilmi?! Dövlətin başında duranlar bir an olsun, təslim olmaq barədə düşünmədi. Xalq bir an olsun torpağından əl çəkmək fikrinə düşmədi. Ordu desək, hansı əsgər və zabiti danışdırırdın: "Ali Baş Komandanın əmrini gözəyirik" deyirdi. Bax, düz beş il qabaq bu günkü gündə - sentyabrın 27-də həmin əmr gəldi. Nəticəsini də bilirsiniz.
Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləkləri ilə.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info





