“Ötən gün keçirilən mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib. Baş nazir bu çıxışıyla bir tərəfdən Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu rəsmən qəbul etdiyini xatırladır, digər tərəfdən bu mövqeyin vaxtında qəbul edilməməsinin yaratdığı siyasi və humanitar fəsadları nəzərdə tutur. Bu açıqlama Ermənistan cəmiyyətində və siyasi dairələrdə ciddi rezonans doğura bilər. Düşünürəm ki, Paşinyanın bu mövqeyi iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidə aparılan danışıqlardan məmnunluğundan irəli gəlir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin razılaşdırılması onilliklər boyu davam edən düşmənçiliyə son qoyan dönüş nöqtəsi olacaq.
Müşfiq Cəfərov“Ümumiyyətlə son aylar Ermənistan rəhbərliyi sülhdən daha intensiv danışır. Amma indi onun bütün davranışları sülh sazişi barəsindəki çıxışlarına tam uyğunlaşır. Azərbaycan və Ermənistan aralarındakı məsələləri yalnız özləri, hansısa 3-cü dövlət olmadan, təklikdə həll edə bilsə və tənzimləsə, heç bir superdövlətə, təşkilata ehtiyac qalmaz. Ermənistan siyasi dairələri artıq anlamağa başlayıb ki, ən yaxın qonşusu Azərbaycana qarşı düşmənçilik və işğalçılıq siyasəti heç də doğru üslub deyil. Onlar Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri bərpa olunmasının vacibliyini açıq şəkildə dilə gətirirlər”-deyə deputat vurğulayıb.
“Paşinyan hökumətinin xeyli sayda məğlubiyyətləri, itkiləri var. Qarabağ itirildi, bir çox böyük dövlətlərlə müttəfiqliklər də itirildi. Artıq Ermənistan hakimiyyətinə uğur lazımdır. Müharibədən cana doymuş erməni xalqına sülh və sabitlik gərəklidir. Azərbaycanla sülh müqaviləsi ilə yanaşı, eyni zamanda Türkiyə ilə münasibətlər normallaşmalı, sərhədlər açılmalı, ticarət münasibətləri başlamalı, gediş-gəliş bərpa olunmalıdır. Sülh sazişi təkcə regionda kommunikasiyaların açılmasına imkan verməyəcək, Cənubi Qafqazda yeni bir eranın başlanğıcı olacaq”-deyə Müşfiq Cəfərov qeyd edib.
İradə Cəlil, Bizimyol.info






