Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bahəddin Həzinin kitablarındakı cəzb etmə qüvvəsi... "Təsirində qalmaq istəyirsən"
Bahəddin Həzinin kitablarındakı cəzb etmə qüvvəsi... "Təsirində qalmaq istəyirsən"

27 may tarixində yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi”nə cəzb olmuşduq. Deyirlər cisim nə qədər böyükdürsə, onun cazibə qüvvəsi də bir o qədər böyük olur. Bilmirəm; bizi cəzb edən yazıçı idi, yoxsa onun kitabı, amma hamı sevə-sevə toplanmışdı bu tədbirə.

Tədbirdə Milli Məclisin deputatlarına çıxış üçün söz verildi. Deputat Vüqar İskəndərov “Göyün cazibə qüvvəsi”ndən söz açdı, Bahəddin Həzinin yazılarını oxuduğu, düşüncələrini dəyərli hesab etdiyini dilə gətirdi. Yazıçı Seyran Səxavət, hüquqşünas Aslan İsmayılov, deputat Qüdrət Həsənquliyev, sabiq deputat Etibar Hüseynov və digərləri müəllifə ürək sözlərini çatdırmağa çalışdılar.

“Göyün cazibə qüvvəsi” kitabı yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzinin 60 illik yubileyi ilə bağlı özünə, qələm dostlarına və oxucularına hədiyyəsi idi.

Həyəcanlı idi müəllif. Ürək dolusu bir sevinc və fərəh hissi oxunurdu gözlərindən. Dostları yanında idi. Hamı ona "cəzb" olmuşdu. Qonaqlar xatirələrini dilə gətirir, müəlliflə şəkillər çəkdirməyə çalışır, kitabı onun imzası və ürək sözləri ilə almağa cəhd edirdi. Böyük bir sıra var idi...

Cəzb etmə qüvvəsi... Fiziki cəhətdən də insanlar bir-birini cəzb edir. Deyilənə görə bu da bir lələyin ağırlığı qədərdir. Ən böyük cəzbetmə isə mənəvi cəzbetmədir. Bənzər dəyərlər, səmimiyyət, xarakter, xarizma, ümumi məqsədlər və həyata baxış tərzinin bənzərliyi, başqalarının hisslərinə şərik olma bacarığı, onları anlaya bilmək, dəstək olmaq istedadı da cəzb etməyə səbəb olur. Qəribə bir çəkim hissi olur. Uzaqlaşmaq istəmirsən, bu cazibənin təsirində qalmaq istəyirsən, qalırsan...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi böyük bir dəyərdir. Xarakteri, davranışı, ağır təbiəti və əxlaqı ilə örnək bir insandır. Bu gün gənclərimizin Bahəddin Həzi kimi insanlardan örnək almasına o qədər böyük ehtiyac var ki...

Kitab müəllifin bir cümləsi ilə başlayır: “Sevgisi və dəstəyi ilə həmişə yanımda olan Ailəmə minnətdarlıq hissi ilə”. Bu da müəllifin ailə dəyərlərinə baxışıdır. Bu gün ailə dəyərlərinin deqradasiyaya uğradığı zamanda ailə dəyərlərinə bu baxışı möhtəşəm adlandırmaq olar.

Kitabda “Slavyan gözəlinin diktaturası” diqqətimi çəkdi. Müəllif deyir: “O qədər gözəl qızlar var ki, xoşbəxt deyil, o qədər xoşbəxt qızlar var ki, gözəl deyil”. Bu cümləni oxuyan çox qadın özünə pay götürür. Əslində slavyan gözəli Olyadan bəhs edilir. Amma aramızda o qədər gözəl olub xoşbəxt olmayan qızlar var ki. Müəllifin bu mövzuya toxunması qadın ruhundan necə dərin həssaslıqla anladığını xəbər verir....

yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi müəllifi olduğu “Göyün cazibə qüvvəsi” kitabında Nitsşenin düşüncələrindən də sitat gətirib: “Zənginlər kasıblara Tanrıdan başqa heç nə buraxmadı”. Sonra qeyd edib ki, “bir gün Tanrı bütün qamarlayanların əlindəkini tutub alır, o zaman həmin insanlar yoxsuldan da yoxsul olur. Çünki dünənki yoxsulun heç olmasa Tanrısı var”.... Sözün əsl mənasında təsirlidir, bu düşüncələr...

Kitabın arxa üz qabığında müəllifin düşüncələri yer alıb: “Bu dünyadakı ömür... getməklə qalmaq arasındakı vurnuxmaların zaman ölçüsüdür. Qalmaq üçün adamın heç bir səbəbi qalmayanda getməkdən ötrü ürəyi gedir. Çünki getməkdən başqa yol qalmır”...

Hər zaman onun haqqında yazanda deyir ki, “tərifi çox etdiyinin fərqindəsənmi”... Bu qədər təvazökar insandır. Deyirəm ki, “müəllim, bunlar mənim düşüncələrimdir və hər kəs düşüncələrini dilə gətirməkdə sərbəstdir”...

Sizə təşəkkür edirəm, dəyərlərinizi bizdən əsirgəmədiyiniz üçün...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »