İspaniyanın dövlət televiziyası RTVE, Avropa Yayın Birliyi (EBU) ilə İsrailin İsveçrənin Bazel şəhərində may ayında keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsində iştirakının müzakirə edilməsini tələb edib.
Bizimyol.info "hurriyet"ə istinadən xəbər verir ki, RTVE-nin sədri Jose Pablo Lopez, İsrailin dövlət televiziyası KAN vasitəsilə yarışmada iştirak etməsinin cəmiyyətdə narahatlıq yaratdığını bildirib.
RTVE, Qəzza bölgəsində davam edən münaqişələrə dair ictimaiyyətdə yaranan narahatlıqları əsas gətirərək, İsrailin "Eurovision" Mahnı Müsabiqəsinə qatılmasının müzakirəyə açılması üçün Avropa Yayın Birliyinə (EBU) müraciət edib.
Lopez EBU-ya göndərdiyi məktubda, İspaniyanın yarışmaya olan bağlılığını vurğulayaraq, İsrailin dövlət televiziyası KAN vasitəsilə iştirak etməsinin cəmiyyətdə narahatlıq yaratdığını qeyd edib.
Lopez, EBU-nun bu məsələdə üzv televiziyaları arasında bir müzakirə mühiti yaratması lazım olduğunu ifadə edib. RTVE-nin rəsmi açıqlamasında, “RTVE, EBU-nun bu müzakirəni qəbul etməsi və üzv televiziyalar arasında fikir mübadiləsi aparmaq üçün şərait yaratmasının məqsədəuyğun olacağına inanır” ifadələrinə yer verilib.
Bu ilki Eurovision Mahnı Müsabiqəsi 7, 9 və 11 may tarixlərində İsveçrənin Bazel şəhərində keçiriləcək.
Qadir, Bizimyol.info






